Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) İtaliyanın Romualdo del Bianco Fondunun təşkilatçılığı ilə Florensiyada “Life Beyond Tourism, LBT” hərəkatı çərçivəsində keçirilən festivalda iştirak edib.
"Unikal" xəbər verir ki, onlayn formatda baş tutan tədbirdə universitetin Turizm biznesi kafedrasının baş müəllimi Çinarə İmamverdiyeva, Turizm və qonaqpərvərlik fakültəsinin tələbələri Fidan Əhmədova və Nihad Sadıxovun "Xınalıq – Buludlar İçində Qədim Kənd" (“Khinalug – The Ancient Village in Clouds”) adlı təqdimat- çıxışlarında bəşər sivilizasiyasının ən zəngin etnoqrafik dəyərlərindən sayılan əfsanəvi yaşayış məskəni Xınalıq kəndinin tarixi, mədəni irsi,eyni zamanda turizm potensialından bəhs olunub.
Florensiyada keçirilən onlayn festivalda Xınalığın elmi mənbələr əsasında iştirakçılara detallı tanıdılmasında başlıca məqsəd kəndin beynəlxalq səviyyədə təşfiqi ilə bərabər, zəngin mədəni irsinə və bənzərsiz təbiətinə diqqəti artırmaq idi.Qeyd etməliyik ki, Xınalığın UNESCO-nun Dünya İrs Siyahısına namizəd olması kəndin dünya turizm xəritəsində önəmini daha da artırır.
Tədbirdə Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) müəllim və tələbələrinin təqdimat-çıxışları ölkəmizin dayanıqlı turizm prinsiplərinə sadiqliyini nümayiş etdirir. Xınalıq təbiətə və mədəniyyətə dəyər verən, yerli icmaların rifahını dəstəkləyən turizm destinasiyası kimi tanınmaqla bərabər, iqtisadi ,sosial və mədəni turizmin inkişafını da təşviq edir.