Xətai rayon İcra Hakimiyyətində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlığın yekunu, qış aylarında İcra Hakimiyyətinin, təsərrüfat xidmətlərinin, ayrı-ayrı idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
"Unikal" xəbər verir ki, müşavirədə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev, Xətai rayonu Polis İdarəsinin rəisi Vaqif Müslümov, Xətai rayon İcra Hakimiyyətlərinin rəhbər işçiləri, rayonun idarə, təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin rəhbərləri iştirak ediblər.
Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlərin vəziyyəti ilə bağlı geniş məlumat verərək, qış aylarında havaların kəskin soyuq, qarlı-şaxtalı keçən günlərində Qərərgah üzvlərinin, rayonun ayrı-ayrı təsərrüfat xidmətlərinin xüsusi rejimdə çalışacağı, yaranan çatışmamazlıqların aradan qaldırılması məqsədilə operativ tədbirlərin görüləcəyini bildirilmişdir. R.Quluyev çıxışında qeyd etdi ki, əsas, köməkçi məhəllədaxili yolların, səkilərin qardan vaxtında təmizlənməsi üçün cavabdeh təşkilatlar müəyyənləşdirilib, rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan xüsusi texnikalar saz vəziyyətə gətirilib, inventar, qum və duz tədarükü görülüb, işçilər arasında xüsusi iş qrafiki və növbətçilik təsdiq olunub. Eyni zamanda, rayonlardakı idarə, təşkilat və özəl qurumlar, bələdiyyələr, o cümlədən ictimai iaşə müəssisələrinin rəhbərlərinə, ictimaiyyət nümayəndələrinə qarlı günlərdə Avropa ölkələrində də qəbul edilən qaydalara uyğun özlərinə aid ərazilərin təmizlənməsində yaxından iştirak etməyə cağırış edilib.
Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov çıxış edərək, 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıq işlərini tələb olunan səviyyədə təşkil etmək məqsədilə Rayon İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamından irəli gələn tapşırıqlara uyğun olaraq təsdiq edilmiş tədbirlər planına əsasən qərərgah və operativ işçi qrupunun yaradıldığını, qış texnikası və nəqliyyat vasitələrinin hazır vəziyyətə gətirildiyini, texnikalara xidmət edən işçilərə isə təlimatların verildiyini diqqətə çatdırıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Ərazi İdarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Anar Tağıyev, Şəhər Təsərrüfatı şöbəsinin müdiri Ayaz Hüseynov, İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov və Bakı Şəhər Mənzil–Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehraliyev çıxışlarında qışa hazırlıqla bağlı yaradılan qərargah, kommunal və təsərrüfat xidmətləri və aidiyyəti təşkilatların rəhbərləri havaların sərt keçəcəyi günlərdə üzərilərinə düşən vəzifələrin tam şəkildə yerinə yetirilməsi üçün hazır olmalı olduğlarını, eləcə də verilən tapşırıqların icrası ilə bağlı zəruri tədbirlərin həyata keçirilməsinin vacibliyini vurğulayaraq, yarana biləcək problemlərin əlaqəli şəkildə və operativ sürətdə aradan qaldırılması üçün müvafiq tövsiyələr verdilər.
Müzakirələr zamanı məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.