"Dünyanın heç bir ölkəsində pensiya yaşının aşağı salınması meyli yoxdur. Orta ömür uzanıb. İnsanların sağlamlığı imkan verir ki, onlar daha aktiv əmək fəaliyyətilə məşğul olsunlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında komitə sədri Musa Quliyev deyib.

Komitə sədri bildirib ki, bu kiminsə istəyinə bağlı məsələ deyil: "Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığına təsir edən məsələdir. Burada çoxlu parametrlər ortaya qoyulub, ölçülüb-biçilməlidir. Dedim pensiya yaşını aşağı salın, sabah dövlət qəbul edəcək, bu qeyri-ciddi yanaşmadır. Burada demoqrafik, iqtisadi, sığorta göstəricilər var. Yaxın 10 ilə qədər bizim Dövlət Sosial Müdafiə Fondunun dayanıqlığı demək olar təmin olunmamışdı. 2006-cı ildə fərdi uçota keçmişik. İndi bizim 200 mindən çox pensiyaçımız var ki, onların pensiya kapitalı imkan pensiya almağa imkan vermir. Dövlət Sosial Müdafiə Fondunun hesabına pensiya alır. 2018-ci ildə pensiya stajı ilə bağlı böyük amnistiya elan olundu. Bir gün pensiya sığorta stajı varsa, həmin adam pensiya hüququ əldə edir. Bundan yumşaq nə yanaşma ola bilər? Bizim komitə üzvləri bu sahədə daha peşəkar olmalıdırlar. Sosial şəbəkələrdə çoxusu bizi istəməyən qüvvələrin ortaya atdığı fikirlərdir. Azərbaycandan kənarda burada ictimai-sabitliyi pozmaq istəyən adamların ortaya atdığı modellərdir. Hər bir dövlətdə sabitliyi pozmaq üçün birinci növbədə sosial problemlər qabardılır".

Anar Kəlbiyev