Noyabrın 29-na keçən gecə gürcü polisi Tbilisidə hakimiyyətin Avropa  İttifaqına üzvlüklə bağlı danışıqları dondurmaq qərarından narazı olan kütləvi etiraz aksiyalarının iştirakçılarına qarşı xüsusi vasitələrdən istifadə edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edilib, şəhərin mərkəzinə xüsusi texnika gəlib. Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, qarşıdurma zamanı 3 polis əməkdaşı yaralanıb. 

Paytaxtda etirazlar cümə axşamı, noyabrın 28-i günortadan sonra başlayıb. İnsanlar hakim “Gürcü Arzusu” partiyasının qərargahına toplaşmağa başlayıb, bundan sonra Rustaveli prospektinə, parlament binasına keçiblər. Axşama yaxın orada hüquq-mühafizə orqanları ilə toqquşmalar başlayıb.

Polis etirazçıları könüllü şəkildə dağılmağa çağırsa da, etirazçılar müxtəlif əşyalar atmağa və zibil qutularını yandırmağa başlayıblar ki, bu da qarşıdurmanı daha da gücləndirib.

Gülayə Mecid