Məmur şirkətlərini gözləyən böyük təhlükə
21:03 14-07-2013
İQTİSADİYYAT
Məmur şirkətlərini gözləyən böyük təhlükə
Vergidən yayınanları arxalarındakı "güclü əl" də xilas edə bilməyəcək
Dünən cari ilin ilk yarısında vergidənyayınma halları ilə bağlı rəsmi rəqəmlər açıqlandı. Məlum oldu ki, 2013-cü ilin 1-ci yarımilliyi ərzində Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cəmi 192 cinayət işi başlanmışdır ki, bu da ötən illə müqayisədə 24 iş azdır.
Həmin cinayət işlərindən 168-i vergi ödəməkdən yayınma, o cümlədən 87-i vergi borcunun ödənilməməsi faktları, qalanları isə qanunsuz sahibkarlıq və aksiz markaları ilə markalanmamış malların satılması faktları ilə bağlı daxil olmuş materiallar üzrə başlanmışdır.
Departamentin İstintaq idarəsinin icraatında həmin dövr ərzində cəmi 537 cinayət işi (əvvəlki illərdən qalıq qalmış, icraatı təzələnmiş və digər hüquq-mühafizə orqanlarından daxil olmuş işlər də nəzərə alınmaqla) olmuş, istintaqı tamamlanmış 184 cinayət işindən 50 iş üzrə 51 nəfər barəsində ittiham aktı baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir. 6 nəfər təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hesabat dövründə 133 işin icraatına xitam verilmiş, onlardan 73 iş üzrə müəssisə rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə cinayət məsuliyyətindən azad edilmişlər. Cinayət işlərinin araşdırılması zamanı 10 milyon 365 min manat məbləğində borcun dövlət büdcəsinə ödənilməsi təmin edilmişdir.
İstintaq-əməliyyat tədbirləri nəticəsində barələrində axtarış elan edilmiş 14 nəfər tutularaq istintaqa təhvil verilmiş, ibtidai istintaqdan yayınan 251 şəxsin məcburi qaydada gətirilməsi, 219 şəxsin tapılaraq istintaqa gəlmələri, 145 şəxsin yerinin müəyyən olunaraq istintaqa məlumat verilməsi təmin olunmuşdur.
Burada maraqlı məqamlardan biri vergi ödəməkdən yayınma, qanunsuz sahibkarlıq, aksiz markaları ilə markalanmamış malların satılması faktları üzrə cinayət işlərinin ötən ilin analoji dövrü ilə müqayisədə xeyli azalmasıdır. Bəzi ekspertlərin fikrincə, buna səbəb olan əsas amil aidiyyatı qurumun son zamanlar çeşidli sahibkarlıq subyektlərinin, biznes müəssisələrinin qanunsuzluqlarına qarşı güzəştsiz mövqeyi ilə bağlıdır. Hesab edilir ki, ötən illərlə müqayisədə artıq hansısa məmurun himayəsinə güvənən şirkətlər, müəssisələr əvvəlki kimi rahat fəaliyyət göstərə bilmirlər. Onlar qanunların tələblərinə əməl etməyəcəkləri təqdirdə üzləşəcəkləri problemdən hətta arxalarındakı "güclü əl" vasitəsi ilə belə xilas olmayacaqlarının fərqindədirlər, ona görə də vergi məsələlərində qanunun tələblərinə maksimum riayət etmək məcburiyyətindədirlər.
Hesab olunur ki, bu tendensiya zaman keçdikcə daha da güclənəcək. Artıq hansısa məmurun kölgəsinə sığınması sahibkarlıq subyektlərinə, biznes quruluşlarına istədikləri kimi davranmaq, vergidən yayınmaq və s. üçün əsas yaratmayacaq. Doğrudur, bu, məmur şirkətlərinə öz gəlirləri baxımından zərbə olacaq. Amma əvəzində dövlət xəzinəsi qazanacaq.
Hər halda proseslərin belə gedişindən bəzi vəzifəli şəxslərin heç də xoşlanmadığını proqnozlaşdırmaq çətin deyil. Dövlətin və xalqın maraqları nöqteyi-nəzərindən isə məmur şirkətlərinə güzəştsizliyin böyük faydalarının olacağına şübhə yoxdur.
Sənan Mirzə
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53