Orta Asiyada dini ekstremizm meylləri güclənir
21:04 14-07-2013
İQTİSADİYYAT
Orta Asiyada dini ekstremizm meylləri güclənir
Hadisələrin belə inkişafı yaxın illərdə Əfqanıstanda baş verənlərin Qırğızıstanda da təkrarlanacağından xəbər verir
Bu günlərdə "Orta Asiya" internet portalında (www.centrasia.ru) son illərdə Qırğızıstanda dini ektrimizm meyllərinin güclənməsindən bəhs edən yazı dərc olunub. Sanki yaranmış vəziyyətə dair həyacan təbili çalınan materialda diqqət çəkən əsas məqam ondan ibarətdir ki, hətta prezident Almazbek Atambayev belə Qırğızıstanda dini sahədə yaranmış vəziyyəti xarakterizə edərkən, onu təhlükəli adlandırır. Dövlət rəsmisinin ölkədəki vəziyyəti belə qiymətləndirməsi əslində hər kəsi ciddi düşünməyə vadar edir.
Maraqlıdır, bəs görəsən bu ölkədə dini zəmində nələr baş verir və Qırğızıstanı gözləyən təhlükə haradandır? Müstəqil ekspertlərin fikrincə, beynəlxalq dini təşkilat olan "Tabliği Camaat" (TC) bu ölkədə artıq "beşinci kolon"a çevrilməkdədir. İlk baxışda bu təşkilatın ölkənin siyasi həyatında iştirak etməkdə maraqlı olmadığı görünür, Belə ki, "TC"nin liderləri hamını inandırmağa çalışırlar ki, onların əsas məqsədi insanlarda inamı möhkəmlətmək və şəxsiyyətin mənəvi cəhətdən inkişaf etdirilməsidir. Maraqlıdır, görəsən hansı mənəvi inkişafdan söhbət gedir? Axı faktlar və müşahidələr tamam əksini söyləyir. Belə ki, son illərdə dünyanın müxtəlif ölkələrində baş verrən terror hadisələrini törədənlərin əksəriyyətinin məhz "TC"-nin üzvləri olması sübuta yetirib.Demək, belə çıxır ki, "TC" ilkin mərhələdə təşkilatın sıralarını yaraqlılarla genişləndirməkdən ötrü ölkədə əvvəlcə güclü ideologi baza -fundament formalaşdırır. Daha sonrakı mərhələdə artıq yaraqlılar cihada çağırılırlar. Və nəticədə günlərin birində mərkəzdən təlimatlandırılan yaraqlılar qarşısına keçən nə varsa, hamısını dağıdaraq məhv edir. Necə ki, "Tabliği Camaat"ın tərəfdarları belə terror aktlarını Fransada( Paris,1994), Özbəkistanda (1999), Hindistanın Qucarat ştatında (2002), hətta Afrika qitəsi müxtəlif şəhərlərində belə törətmişdilər. Yerli ekspertlərin qənaətinə görə, "TC"nin Hindistan, Pakistan, Banqaladeş və Əfqanıstanda yaşayan liderləri "Əl-Qaidə" təşkilatının liderləri ilə ilə birlikdə dünyanın müxtəlif ölkələrindəki islamçı terror qruplaşmalarına hər təşkilati, həm də maliyyə dəstəyi göstərməkdədirlər. Bundan əlavə, "TC"nin maliyyəsi hesabına digər radikal islamçı terror təşkilatları da hazırlanır ki, onların sıralarında Mərkəzi Asiya dövlətlərinin, o cümlədən Qırğızıstan vətəndaşları da yer almaqdadırlar. Bəzi məlumatlara görə isə dünya ölkələrində mövcud olan islamçı ekstremistlərinin 80%-i məhz "Tabliği Camaat"ın yetişdirmələridir.
Yeri gəlmişkən qeyd etmək lazımdır ki, Özbəkistanda 1999-cu ilin fevralında Daşkənddə baş verən terror aktından sonra "Tabliği Camaat"ın bu ölkədə fəaliyyəti qadacan olundu. Elə həmin il "TC" Rusiyada da ekstremist təşkilat kimi tanındı.Bu siyahını davam etdirmək də olar. Belə ki, Tacistanda bu təşkilatın fəaliyyətinə 2006-cı ildə qadağa qoyulub. Və nəhayət Mərkəzi Asiyanın digər dövləti -Qazaxıstanda cari ilin fevralından "Tabliği Camaat"ın fəaliyyəti rəsmən qadağan olunub. Bu, ölkədə terrorçuların fəaliyyətinin aktivləşməsinə, hakimiyətin cavab tədbiri idi. Haqlı sual meydana çıxır. Bəs belə isə, "Tabliği Camaat" nədən Qırğısızıstanda aktiv fəaliyyətdədir? Məgər bu ölkənin iqtisadi vəziyyəti, siyasi sabitlik, əhalinin sosial vəziyyəti qonşu ölkələrdən yüksəkdir?
Ekspertlərin fikrincə, bunun bir səbəbi var - hakimiyyət bu terrorçu təşkilatın qarşısını almaqda sadəcə acizdir. Bunu isbatlamaq üçün heç uzaca getməyə ehtiyac belə yoxdur.Yaxın keçmişdə bu ölkədə baş verən prosesləri xatırlamaq yetərlidir. Ekspertlər iddia edirlər ki,
Oş şəhəri, eləcə də onun ətrafındakı rayonlar Qırğızıstanda həmişə "ən qaynar" nöqtələrdən bir olub. Bunu isbatlamaq üçün hələ sovet dövründə, 1990-cı ildə Oş şəhərində baş verənləri misal göstərirlər. Qeyd olunur ki, hələ o illərdə, sovet imperiyasının ən güclü olduğu zamanlarda belə bu cənub bölgəsində narkobizneslə məşğul olan kriminal dəstələr və radikal dini qruplaşmalar mövcud olub. Mixail Qorbaçovun "yenidərqurması"ndan məharətlə istifadə edən həmin qruplaşmalar bu bölgədə özlərini çox sərbəst hiss ediblər, rahat fəaliyyət göstəriblər. Elə həmin ildə Oşda baş verən hadisələr də həmin qruplaşmalardan istifadə olunub.Başqa bir misal. Ekspertlərin qənətinə görə, əgər 2010-cu ildə Oşda baş verən iğtişaşlara diqqətlə nəzər saldıqda burada baş verənlərin heç də təsadüfi olmadığ aydın şəkildə görünür. Bunu faktlar da sübut edir. Belə ki, qanlı hadisənin törədilməsindən bir il əvvəl , 2009-cu ilin fevralında Qırğızıstanın baş prokurorluğu Bişkek şəhər məhkəməsi qarşısında beynəlxalq dini təşkilat olan "Tabliği Camaat"ın terrorçu və ekstremist təşkilat kimi tanınması tanınmasın dair iddia qardırır. Lakin şəhər məhkəməsi iddya baxılmasını ləngidir. Və bir ildən sonra məlum qanlı Oş hadisələri baş verir. Bəs nədər şəhər məhkəməsi baş prokurorluğunun idiiasının təmin etmədi? Ekspertlərin fikrincə, şəhər məhkəməsi sadəcə belə cəsarətli addım atmaqdan qorxdu. Çünki həmin illərdə TC öz mövqelərini nəinki regionda möhkəmləndirə bilmişdi, hətta hüquq-muhafizə orqanlarının strukturlarında belə özünə dərin kök sala bilmidi. İndi ölkənin hüquq-mühafizə orqanlarında elə bir idarə tapmaq mümkün deyil ki, onun rəisi, yaxud şöbə müdiri TC-yə yaxın olmasın.Onlar hətta açıq şəkildə öz tabeçiliyindəki şəxsi heyət arasında "Tabliği Camaat"ın ideologiyasını yaymaqla məşğuldurlar. Ölkənin cənub bölgəsinin sərhəd dəstələrinin , zastavalarının şəxsi heyətinin böyük əksəriyyəti məhz bu dini cərəyanın təsiri altındadır.
Bunlar bir yana. Məsələ burasındadır ki, "Tabliği Camaat"ın ölkənin siyasətçiləri arasında da "nüfuzu" yüksəkdir. Parlamentdə təmsil olunan böyük bir qrup açıq şəkildə bu təşkilatı dəstəkləməkdədir. Və ən əsası , "Tabliği Camaat"a qarşı Qırğızıstan Müsəlmanları Dini İdarəsi (QMDİ) loyal münasibət sərgiləməkdədir. Ekspertlər iddia edirlər ki, hətta bu ilin mayında bəzi deputatları "Tabliği Camaat" məsələsi parlamentin müzakirəsinə çıxararaq,ölkədəki dini ekstremizm meyllərinin güclənməsinə dair həyacan təbili çalırarkən,
Qırğızıstanın müftisi hacı Raxmatulla Eqemberdiyev onları sakitləşdirməyə çalışıb. O, hazırkı dövrdə "TC"nin fəaliyyəti heç də təhlükə yaratmadığını vurğulayıb. "Bu təşkilat heç də silahlı dəstələrdən ibarət dini ərəyanı deyil. Odur ki, təşkilata qarşı çox da sərt mövqe tutmayın",-deyə müfti parlamentdəki çıxışında bildirib. Sual olunur, bəs nədən QMDİ əsl həqiqətləri ölkə ictimaiyyətindən gizlətməyə çalışır?
Ekspertlər bunun səbəbini QMDİ rəhbərliyinin bu mövqeyini açıq-aşkar qorxaqlıqla izah edirlər. Çünki ortada inkaredilməz faktlar var. Məsələn, 2009-cu ildə Qırqızıstanın baş prokurorluğu "TC"nin fəaliyyətini qadağan etmək istərkən, QMDİ-dən ekspert qismində rəy almağa çalışsada , buna nail ola bilməyib. Dini idarə sadəcə belə bir rəy verməkdən çəkinib. Çünki dini təşkilatın böyük təzyiqi ilə üzləşib. Belə ki, qırğız müsəlmanların dini lideri hacı Muratalı Jumanov naməlum şəxslər tərəfindən oğurlanaraq qəddarcasına döyülub. Üstündən az keçmiş o, aldığı ağır bədən xəsarətindən dünyasını dəyişib. Az keçmiş qırğız müsəlmanlarına yeni dini lider təyin edilib. Qəribəsi odur ki, hacı Adışukur Narmatov bu vəzifədə cəmi 8 gün duruş gətirə bilib, öz istəyi ilə tutduğu vəzifədən istefa verib.Daha sonra qırğızların dini lideri vəzifəsini 45 müddətinə hacı Suyun Quliyev icra edib. O da naməlum şəxslərin tərəfindən hücuma məruz qaldıqdan sonra istefa verib. Onun ardınca Çuy vilayətinin qazisi hacı Ruslan Jumaqulov dini lider seçilib. O da bu vəzifədə cəmi 1 ay qala bilib. Bütün bunlar isə onu deməyə əsas verir ki, Qırğızıstanda dini sahədə vəziyyət heç də arzuolunan səviyyədə deyil. Başqa sözlə, "Tabliği Camaat" ölkədə öz hakim mövqeyini qoruyub saxlamaq üçün dini liderlərə qarşı fiziki güc tətbiq etməkdən belə çəkinmir. Başqa sözlə, ölkənin dini liderlərinin destruktiv dini cərəyanlara qarşı mübarizə aparmaq gücündə olmadığını açıq şəkildə nümayiş etdirirlər. Yaranmış vəziyyətdə yeganə çıxış yolu dövlətin destruktiv dini cərəyana qarşı öz konkret mövqeyini ortaya qoymasıdır.
Ekspertlər bütün bunların fonunda A.Atambayevin bu ilin mayında imzaladığı "Ekstremist fəaliyyətin qarşısının alınmasına dair" QR qanununa əlavə və dəyişikliklər edilməsi haqqında" qanunu təsdiq etməsini müsbət hal kimi qiymətləndirirlər. Belə ki, sözügedən qanun nəinki dini ekstremist yönlü materialların tanınmasını reqlamentləşdirir, hətta onları yayan və icra edənlərin də məsuliyyətini müəyyənləşdirir.
Maraqlıdır, Qırğızıstan prezidenti böyür-böyürə yaşadığı ekstremist və terrorçu alaq otlarını ölkədən təmizləməyi bacaracaqmı? Ekspertlərin qənaətinə görə,bu iş təkcə hansısa qanunun qəbulu ilə tənzimləmək mümkün deyil. Cəmiyyət özü dini ekstremizmlə mübarizəyə qalxmalıdır. Əks halda, qarşıdakı yaxın illərdə Qırqızıstanın Asiya bölgəsi üçün ikinci Əfqanıstan olacağı qaçılmazdır...
Alim Hüseynli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20