Bu il ölkəmizin tarixində ən önəmli, ən məhsuldar dövr kimi yadda qaldı. İlin əvvəlində Prezident seçkiləri keçirildi. Ölkədə 2024-cü il "Yaşıl dünya naminə həmrəylik ili" elan olundu. Noyabrda COP29 kimi mötəbər tədbirə ev sahibliyi etdik. Həmin beynəlxalq tədbiri uğurla başa vurduq. Bütün bu tədbirlərdə Azərbaycan könüllülərinin fəaliyyətini xüsusi vurğulamaq lazımdır".

"Unikal" xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Azərbaycan Könüllülərinin VII Həmrəylik Forumu”nun rəsmi açılış mərasimində deyib. Nazir müavini ölkədə keçirilən bütün uğurlu tədbir və layihələrdə Azərbaycan könüllülərinin rolunun böyük olduğunu qeyd edib:

"COP29-da ölkəmizə təşrif buyuran qonaqlar da könüllülərin fəaliyyətini xüsusi qeyd etdilər. Ümumilikdə həmin tədbirdə könüllü kimi fəaliyyət göstərmək üçün 16 minə yaxın müraciət qeydə alınmışdı. Müraciət edənlərdən 3 min nəfəri seçildi və onlar 12 gündə ən vacib missiyanın daşıyıcısı oldular”.