Yeni təhsil nazirindən Müəllimlər İnstitutu həmləsi
17:49 16-07-2013
İQTİSADİYYAT
Yeni təhsil nazirindən Müəllimlər İnstitutu həmləsi
Bir neçə filial direktorunu saxta diplomlarla bağlı çətin günlər gözləyir
Azərbaycan Respublikası Təhsil Nazirliyi Müəllimlər İnstitutundan quruma daxil olan şikayətlərlə bağlı araşdırmalar aparır. Araşdırmaların əsas hissəsi adıçəkilən ali təhsil müəssisəsinin bəzi filiallarının rəhbərlərinin saxta diplomlar verməs i ilə bağlı iddiaları əhatə edir. Bu barədə redaksiyamıza məlumatlı mənbə bildirib.
Mənbənin sözlərinə görə, yeni təhsil naziri Mikayıl Cabbarov Müəllimlər İnstitutunun fəaliyyətinin şəffaflaşdırılması və gücləndirilməsinə xüsusi həssaslıqla yanaşmaq fikrindədir: "Bunun da səbəbi ölkədə bacarıqlı pedaqoji kadr hazırlığının artıq ciddi əhəmiyyət kəsb etməsidir. Belə ki, yeni təhsil naziri təyinatından sonra həm də ölkədə müəllim kadrların hazırlığı və onlara tələbat məsələsini xüsusi öyrənib. Ortaya isə bir o qədər də ürəkaçan olmayan mənzərə çıxıb. Nazirin Müəllimlər İnstitutunun fəaliyyəti ilə bağlı bir o qədər məmnun olmadığı da ortadadır".
Mənbənin sözlərinə görə, keçmiş təhsil nazirinin dönəmində adıçəkilən təhsil müəssisəsi xeyli müstəqilləşmişdi. İnstitut Təhsil Nazirliyinə birbaşa tabe olsa da, onun rektoru millət vəkili Aqiyə Naxçıvanlı bir çox qərarları tam sərbəst şəkildə verir və Misir Mərdanovun Müəllimlər İnstitutu üzərindəki təsir imkanlarını minimuma endirirdi. Amma Mikayıl Cabbarovun artıq bu "ənənəni" aradan qaldırmaq və Müəllimlər İnstitutunun fəaliyyəti ilə bağlı səlahiyyətləri çərçivəsində addımlar atmaq niyyətindədir.
Bu addımlardan ilki Müəllimlər İnstitutunun bir çox filiallarında saxta diplomların verildiyinə dair məlumatların araşdırılması və ortaya çıxarılacaq faktlarla bağlı sərt tədbirlərin görülməsi olacaq. "Bu günlərdə xarici ölkələrin ali məktəblərini bitirmiş məzunların diplomlarının tanınması üçün Təhsil Nazirliyinə ünvanlanan müraciətlərin sayı açıqlandı. Təhsil Nazirliyindən verilən məlumatda bildirildi ki, 2004-cü ildən bu günə qədər müraciət edən şəxslərdən 6927 nəfərin ali təhsil haqqında sənədləri barəsində müsbət qərar qəbul edilib, 799 müraciətçinin ali təhsil haqqında sənədlərinin ölkə ərazisində tanınması məqsədə müvafiq hesab edilməyib. Nostrifikasiya ilə bağlı mənfi cavab alan vətəndaşlar tərəfindən 23 saxta diplomun xarici ölkələrdə qeyri-qanuni yollarla əldə edilməsi sübuta yetirilib. Saxta diplomların əsasən MDB ölkələrindən əldə edilməsi aşkarlanıb. Bu da onu göstərir ki, yeni təhsil nazirinin saxta diplomlara və onları paylayanlara qarşı mübarizə aparmaq istiqamətində iradəsi, həvəsi var. Odur ki, Müəllimlər İnstitutunun bəzi filial rəhbərlərinin saxta diplom alveri ilə məşğul olduqlarına dair iddiaların, şikayətlərin araşdırılması və belə fəaliyyətlərdə bulunduqları təsdiqlənən filial direktorlarının işdən azad edilməkdən tutmuş həbs olunmağa qədər ən kəskin formada cəzalandırılmaları tamamilə realdır".
Hətta iddia olunur ki, bundan sonra Müəllimlər İnstitutunun yerli filiallarına direktor təyinatı da Mikayıl Cabbarovun şəxsi nəzarətində olacaq. Yeni təhsil naziri yalnız yüksək təhsilə, yeni dünyagörüşə, təmiz reputasiyaya və modern idarəçilik üsullarından xəbərdar kadrların filialların başına keçməsinə "yaşıl işıq" yandıracaq.
Xatırladaq ki, Azərbaycan Müəllimlər İnstitutu ölkə başçısının 13 iyun 2000-ci il tarixli fərmanı ilə məktəbəqədər tərbiyə müəssisələri və məktəblərin ibtidai sinifləri üçün pedaqoji kadrlar hazırlamaq, habelə müəllimlərin ixtisaslarının artırılması, təkmilləşdirilməsi və yenidən hazırlanmasını təmin etmək məqsədi ilə Azərbaycan Pedaqoji Kadrların İxtisasının Artırılması və Yenidən Hazırlanması Baş İnstitutunun bazasında yaradılmışdır. Bu institut Təhsil Nazirliyinin balansında fəaliyyət göstərən ali təhsil müəssisəsi olsa da, yuxarıda da göstərdiyimiz kimi, son zamanlar xeyli müstəqilləşmişdi. Amma gələn məlumatlar artıq bu durumun sona çatmaq üzrə olduğu və yeni təhsil nazirinin institutun idarəedilməsi, fəaliyyəti ilə bağlı öz səlahiyyətlərini işə salmağa başlayacağı yönündədir.
Bunun isə haqqında çoxsaylı şikayətlərin səsləndiyi Müəllimlər İnstitutu rəhbərliyi ilə filial direktorları üçün heç də xoş xəbər olmadığını əminliklə söyləmək mümkündür. Yada salaq ki, 2012-ci il üzrə Təhsil Nazirliyinin "Qaynar xətt"inə daxil olan şikayətlərin sayına görə Müəllimlər İnstitutu ilə filialları birinci yeri tutmuşdu.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-11-23 16:05:17
2024-11-23 11:47:59
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53