Mübariz Mənsimovun müəmmalı susqunluğu
17:50 16-07-2013
İQTİSADİYYAT
Mübariz Mənsimovun müəmmalı susqunluğu
Azərbaycanlı iş adamı "susmaq razılıq əlamətidir" prinsipi ilə hərəkət edir?
Son vaxtlar Türkiyədə yaşayan tanınmış azərbaycanlı iş adamı, "Palmali" Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimovun Azərbaycanda bəzi məmurlarla problemlər yaşaması ilə bağlı yenidən xəbərlər yayılmaqdadır. Əslində belə xəbərlər yeni deyil və əvvəllər də bacarıqlı iş adamının ölkəmizdə investisiyalar qoymağa meylli olmamasının əsas səbəbi kimi burada bəzi oliqarxlarla aralarında ixtilafların yaşanması göstərilirdi.
Hətta ötən il mətbuatın diqqətini Mənsimovun uzun müddət Azərbaycana səfər etməməsi çəkmişdi və həmin vaxt vurğulanırdı ki, bunun səbəbi məhz onun bəzi yüksək çinli məmurlarla konflikti ola bilər. "Mənsimov kifayət qədər peşəkar biznes adamıdır, o, yatırımlarını və münasibətlərini də məhz qanunların çərçivəsində qurmağa meyllidir. Bu isə Azərbaycan reallığında xeyli absurddur. Müxtəlif vaxtlarda həm də vətənpərvərliyi ilə ön plana çıxan Mübariz Mənsimov Azərbaycan iqtisadiyyatının inkişafına qatqıda bulunmaq istəyib, amma bir sıra iri məmurların inhisarçı maraqları və qanundankənar ortaqlıq istəkləri onu bundan soyudub" deyə qeyd edən KİV-lər vurğulayırdı ki, məhz bu səbəbdən onun Azərbaycana gediş-gəlişini səngitdiyi istisna edilmirdi.
Onu da xatırladaq ki, ötən ilin yaz aylarında, daha dəqiq desək, apreldə Mənsimov ölkə telekanallarından birinə geniş müsahibə vermiş və ilginc bəyanatlarda bulunmuşdu. O demişdi ki, rəhbərlik etdiyi "Palmali" şirkətlər qrupunun prinsiplərindən biri "rüşvətxorluq olan yerdə biz yoxuq" prinsipidir: "Yəni, korrupsiya olan yerlərə, düzgün olmayan işlərə girmirik". Mənsimovun bu sözləri ilə Azərbaycana da işarət etməsi dəqiqdir, çünki onun Azərbaycanda niyə geniş investisiyalar qoymadığı, biznes qurmadığı həmişə müzakirə mövzusu olub. O vaxt iş adamı həmin sözləri deyəndə bu, iş adamının həmin müzakirələrə cavabı kimi dəyərləndirilmişdi.
Bir müddət əvvəl isə biz "Unikal" olaraq yazmışdıq ki, Mənsimov uzun müddət Azərbaycanda çayçılıq təsərrüfatının durumunu araşdırtdırıb və bu sahədə ciddi sərmayə yatırımına ehtiyac olduğunu, qoyulan investisiyanın qısa vaxtda ciddi gəlirlər gətirə biləcəyini öyrənib. Ortaya çıxan neqativ mənzərə Mənsimovu Azərbaycanda çay biznesinə sərmayə ayırmağa daha da həvəsləndirib. Amma o niyyətini müəyyən çevrələrə çatdırdıqdan sonra iş adamına verilən cavab müsbət olmayıb. Mümkündür ki, hazırda ölkənin çay təsərrüfatında aparıcı mövqelərə malik olan, amma əhalinin yerli və keyfiyyətli çay təminatının öhdəsindən gələ bilməyən istehsalçılar hökumət dəhlizlərindəki himayədarları vasitəsi ilə iş adamının istəyinin gerçəkləşməsini istəməyiblər, çünki bununla bazardakı mövqelərini itirəcəklərindən narahat olublar.
Bizim bu xəbərin üstündən bir qədər keçdikdən sonra ölkənin aparıcı KİV-lərində "Palmali" Şirkətlər Qrupunun prezidentinin ayrı-ayrı azərbaycanlı məmurlarla soyuqluq yaşadığı məlumatlarının yayılmağa davam etməsi, ortada tanınmış iş adamı ilə bizim bəzi oliqarxlar arasında problemlərin olduğu qənaətini möhkəmlədir. İlginc olan isə artıq üç ildir Mənsimovun özü haqqında bu cür ardı-arası kəsilməyən iddiaları sükutla qarşılaması, onları təkzib etməməsidir.
Halbuki azərbaycanlı iş adamı Türkiyə mətbuatında haqqında yayılan ən kiçik məlumata da dərhal reaksiya verir, məlumat yanlışdırsa, onu dərhal təkzib edir. Elə isə Mənsimovun Azərbaycan mediasında özü barədə yetərincə ilginc iddiaları, xəbərləri (söhbət ilk növbədə onunla yüksək çinli bəzi Azərbaycan məmurları arasında sərin rüzgarların əsməsindən gedir!) təkzib etməməsi hansı mənaya gəlir? Yoxsa "susmağın razılıq əlaməti olduğuna" dair məşhur kəlamdan yola çıxan iş adamı öz susqunluğu ilə əslində həqiqətən bəzi azərbaycanlı oliqarxlarla problemlər yaşadığını təsdiqmi edir?
Bu tamamilə ağlabatan versiyadır. Çünki Mənsimov mümkün deyil ki, son 3 ildə haqqında saysız-hesabsız belə iddiaların, həm də ölkənin ən aparıcı KİV-lərində ortaya atılmasından məlumatsız olsun. Əgər o, bu iddialar, xəbərlər haqqında məlumatlıdır, ancaq təkzib etməyə çalışmırsa, yalanlamırsa, deməli, yuxarıdakı versiyanın həqiqətəuyğunluğu ehtimalı da artır.
Necə deyərlər, "od olmayan yerdən tüstü çıxmaz".
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20