Söz və əməl bəlası
17:51 16-07-2013
İQTİSADİYYAT
Söz və əməl bəlası
Müxalifətimizin sümük problemi
İlk əvvəl söz olmuşdu, sonra əməl. Əməli sözdən əvvəl edən insan sonradan sözlər eşidir və əməlinin sözə layiq olmadığını anlayır
Bəziləri bu anlamdan sonra sözünü və əməlini dəyişir, bəziləri əməllərini davam edərək eşitdiyi sözləri eyinlərinə almırlar. Çünki başqalarına söz veriblər.
Əmələ görə verilən söz isə əməl sahibinin başına iş açır, söz sahibini isə udan və ya uduzan edir.
Azərbaycan müxalifətinin onillərdən bəri davam edən bu miskin durumu, bəlalı vəziyyətinin başlıca səbəbi də söz və əməllər arasındakı uyarsızlıqdır.
İnsan haqlarından danışıb sinə döyənlər söhbət maraqlarından və kiçik mənafelərindən düşəndə dərhal o haqları unudur, başqasının hüquqlarını çox asanlıqla pozurlar.
Demokratiya mücahidi olduğunu israrla təkrarlayan və həyatını şüarlar dövranı kimi təsəvvür etdirməyə çalışanlar mənsub olduğu partiyanın başqa üzvünün sərbəst danışmağa başlamasından sonra onu xəyanətkar, satqın və s. adlandırırlar.
Sadalamanı yetərincə davam etdirmək olardı - amma nə hacət.
Rüstəm İbrahimbəyov da Rusiyada söz verib ki, Azərbaycan müxalifətinin vahid namizədi qismində oktyabrda keçiriləcək prezident seçkilərinə qatılacaq.
Siyasi təcrübə, cəmiyyətdə nüfuz, təcrübə, yaşanan proseslər barədə təfərrüatlı məlumatlar və ən nəhayət, potensial olmasa da, İbrahimbəyovu roluna uyğun olmasına inandırıblar. Özü də, deyəsən, inanmağa başlayıb.
Fəqət, bu adam fasiləsiz olaraq sadəlövh açıqlamalar verir və bəzən həqiqətlə əsla əlaqəsi olmayan sözlər deyir. Həmin sözlər arasında məntiqi əlaqə çox zəif olmaqla bahəm, əksər hallarda bir-birləri ilə ziddiyyətdədir.
Adi, bəlkə də, ən adi və artıq trivial klişe təsir bağışlayan ifadə.
"Milli Şuranın və xüsusilə də bu strukturun Rusiya ilə heç bir əlaqəsi yoxdur".
Bu sözləri Rüstəm İbrahimbəyov çox tez-tez təkrarlayır və kəlmələr artıq mantra halını alıb. Di gəl, Milli Şuranın sədri indiyədək dəfələrlə öz sözlərini təkzib edib və dediklərinin həqiqətlə əsla əlaqəsi olmadığını sübut edib.
Son misal: Rüstəm İbrahimbəyovun Rusiya vətəndaşlağından məhrum edilməsi ilə bağlı RF prezidenti Vladimir Putinə ünvanlanmış məktubda Milli Şura ultimativ ton seçərək, qonşu ölkənin dövlət başçısı qarşısında tələblər qoymuşdu.
Tələblər gülünc və absurd idi, xatırlayın: "Rüstəm İbrahimbəyov Rusiya vətəndaşlığından ən yaxın vaxtlarda məhrum edilməzsə bu, Rusiyanın Azərbaycandakı maraqlarına böyük zərbə vura bilər".
İşə bax - Rusiyanın Azərbaycandakı maraqları Rüstəm İbrahimbəyovun pasportundan asılı imiş.
Nə cılız, nə kiçik maraqları varmış bu Rusiyanın və Rusiya da nə zəif, mağmın ölkə imiş ki, Azərbaycanda 20 ildən bəri heç nə edə bilməyən uğursuzlar dəstəsi Moskva ilə belə hədələrlə danışır.
Əcəba, Milli Şura rəhbərliyi və xüsusilə də Rüstəm İbrahimbəyov necə absurd, gülünc vəziyyətə düşməsinin fərqindədirmi?
Şübhə etmirik, amma sanki heç nə olmamış kimi davranırlar.
Və onu da etiraf etmək istəmirlər ki, Milli Şuranın içində çox sərt qarşıdurmalar var. Hətta parçalanmalar, münaqişələr başlanıb.
Eldar Namazov, Əli Kərimli və Lalə Şövkətin illərdən bəri Müsavat Partiyasının başqanı İsa Qəmbəri müxalifət düşərgəsinin zəif fiquruna çevirmək cəhdləri Milli Şurada daha da fəallaşdı.
Bu şəxslər və sonra da Rüstəm İbrahimbəyov bildirirlər ki, Milli Şuranın sədri prezident seçkilərində müxalifətin vahid namizədi olmalıdır. İbrahimbəyovun namizədliyi qeydə alınmazsa, onda müxalifət digər namizədlə çıxış etməməli və ümumiyyətlə, seçkiləri boykot etməlidir.
Mübarizə, sadəcə, müxalifətin təsiri altında olan qəzetlər və saytlarda deyil, əyalətlərdə belə, aparılır. Müxtəlif rayonlarda müxalifət partiyalarının mənsublarına deyilir ki, müsavatçılar Milli Şuraya və ümumiyyətlə, müxalifətə zərbə vururlar, onlar Rüstəm İbrahimbəyovu "batırmağa" çalışırlar.
Müsavat Partiyası isə sözdə müttəfiqlərinin, əslində isə İsa Qəmbərə qarşı belə oyunlar aparanların intriqalarından bezdiyini artıq tam aşkar şəkildə izhar edir.
Partiyanın icra aparatının rəhbəri Arif Hacılının dediklərinə diqqət yetirin: "Biz istəməsəydik, Milli Şura yaradılmazdı, Rüstəm İbrahimbəyov da vahid namizəd seçilə bilməzdi. Partiyamızın namizədini irəli sürməyimiz kimlərisə narahat edir".
Daha sonra isə Müsavat Partiyasının rəhbərliyi tam açıq danışır, Milli Şuranı yaradanlarla bağlı etirafını bildirir: "Rüstəm ibrahimbəyovun Milli Şuranın sessiyalarına göndərdiyi məktublarda fərqli fikirlər çox olub".
Bu arada Rəsul Quliyev də səssiz qalmayıb. O, Eldar Namazovla Əli Kərimlinin başçılıq etdiyi qrupun tərəfini tutaraq İsa Qəmbərə müraciət edib və Müsavat başqanını prezident seçkilərinə namizəd qismində qatılmaq fikrində vaz keçməyə çağırıb.
Etibar Məmmədov, Sərdar Cəlaloğlu və digər bir neçə müxalifət siyasətçisi isə tam əksinə, Milli Şura sədri Rüstəm İbrahimbəyovun prezidentliyə namizədliyinin uğursuz ideya olduğunu israrla təkrarlayırlar.
Adı özünə uyğun gəlməyən Milli Şura böyük işlər görəcəyindən bəlağətlə danışsa da, böyük bəlalarını kiçik problemlərə belə, çevirə bilmir.
Rüstəm İbrahimbəyov kimi siyasətdə tam diletant insana "stavka" etməklə öz maraqlarını güdən və mənafelərini təmin etməyə çalışanlarla onların ambisiyalarını özlərinə təhqir hesab edənlərin dartışmaları bundan sonra daha da sərtləşəsidir.
Ən azı ona görə ki, Azərbaycan müxalifətində artıq sümükləşmiş yanlış təsəvvürlər, səhv ehkamlar və zərərli təsəvvürlərin aradan qaldırılması üçün özlərini "lider" adlandıran şəxslər heç nə etmirlər.
Novruz Sultanov
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20