Zərdabın icra başçısına böyük təhlükə
18:32 18-07-2013
İQTİSADİYYAT
Zərdabın icra başçısına böyük təhlükə
Lütvəli Babayevlə Mingəçevirin polis rəisi arasındakı qalmaqal necə bitəcək?
Azərbaycanlı məmurlar arasında qalmaqal yaranıb. Belə ki, Zərdabın icra başçısı ilə Mingəçevirin polis rəisi arasında söz atışması yaşanır.
Hər şey dünən Zərdab rayonunun icra başçısı Lütvəli Babayevin qardaşı oğlunun avtoxuliqanlıq üstündə həbs edilməsinə münasibət bildirməsindən başlayıb. İcra başçısı "qafqazinfo"ya açıqlamasında qardaşı oğlunu saxlayan polis rəsinin özünün içkili olduğunu, bu hərəkəti də qisas məqsədi ilə etdiyini deyib.
L. Babayev deyib ki, həmin polis rəsi uzun müddətdən bəri davam edən ədavət üstündə onun qohumlarına qarşı şantaj xarakterli materiallar yayır: "Mən Mingəçevirdə icra başçısı olan zaman bu adamın qanunsuz əməllərindən edilən şikayətlərin əlindən bezmişdim. Bu adam Azərbaycanın hətta beynəxlaq nüfuzuna mənfi təsir edən hərəkətlərin müəllifidir. Yadınızdadırsa bir neçə il əvvəl Qarabağ əlilini polis şöbəsində döyüb öldürmüşdülər. Uzun zaman bu biabırçılığa görə başımız ağrıdı. O vaxt bu hadisəyə görə 9 nəfər həbs edilmişdi, rəis Ələsgər Bədəlov isə ciddi şəkildə cəzalandırılmışdı. Bir dəfə də 5 yaşlı qardaşım oğlunu 25 yaşlı qonşunu döyməkdə ittiham etmişdi. Axund qardaşım Xanəli Babayevin narkotik qaçaqmalçısı olması haqda xəbər yaymışdı. Bu xəbərlərin heç biri doğru çıxmayıb. İndi də bu hadisəni qəsdən yayır.
Məsələ belə olub ki, rəis karyerdə işləyən qardaşım oğlundan qum istəyib. Uşaq da qumu verməyib. Buna görə karyerin KamAz-larından birini cərimələyib. Uşağı da şillə ilə vurub.
Maraqlıdır ki, bu adam seçki öncəsi belə mənasız və təxribat xarakterli xəbərləri niyə yaradır və yayır? Bu məqamı araşdırmaq lazımdır. Yaxşı olar ki, adam qanunun aliliyini gözləsin. Böhtan xarakterli xəbərlər yaymaqla məşğul olmasın".
Mingəçevirin polis rəisi Ələsgər Bədəlovun icra başçısına cavabı özünü çox gözlətməyib. O, məsələ ilə bağlı aznews.az-a açıqlamasında bildirib ki, Lütvəli Babayevin dedikləri ona maraqlı deyil: "Mən onun nə dediyini bilmirəm. Lütvəli Babayevin barəmdə dedikləri mənə maraqlı deyil".
Xatırladaq ki, srağagün Mingəçevir polisi Lütvəli Babayevin qardaşı oğlu, Babayev Yadigar Şahvəli oğlunun idarə etdiyi "99-BH-045" dövlət nömrə nişanlı "Nissan" markalı avtomobillə avtoxuliqanlıq etdiyinə görə saxlandığı haqda xəbər yayıb.
Dünənsə məlum olub ki, Mingəçevir Şəhər Polis Şöbəsinin Yol-Patrul Xidmətinin əməkdaşları tərəfindən avtoxuliqanlığa görə saxlanılan Zərdab rayon icra hakimiyyətinin başçısı Lütvəli Babayevin qardaşı oğlu Yadigar Babayev barəsində məhkəmə qərarı çıxarılıb.
Yadigar Babayev Mingəçevir şəhər Məhkəməsinin qərarıyla 500 manat cərimələnib. Həmçinin, məhkəmə qərarı ilə o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.
Bəzi müşahidəçilərə görə, Lütvəli Babayevlə bağlı bu baş verənlər ona baha başa gələ bilər. Bu zaman iki əsas məqam önə çəkilir. Birincisi, ölkə başçısının bu ilin fevralında keçirilən "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransındakı çıxışı zamanı vəzifəli şəxslərin uşaqlarının özlərini apara bilməmələri haqqında dedikləridir: "Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər. Özlərini apara bilmirlər. Kim onlara bu statusu verib cəmiyyətdə? Onların güvəndikləri adamları mən təyin etmişəm vəzifəyə. Mən də çıxardacam, lazım bildikdə. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü hardasa xuliqanlıq edib, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq".
Məhz bu məqamdan çıxış etsək, qardaşı oğlunun hərəkətlərinin Zərdabın icra başçısına ciddi təhlükə yaradacağını söyləmək mümkündür. Şübhə yoxdur ki, Lütvəli Babayevin əleyhdarları onu ölkə başçısının göstərişlərinə əməl etməməkdə suçlayacaqlar. Belə bir suçlama isə heç də əsassız sayılmaya və adıçəkilən icra başçısına qarşı konkret cəza tədbirlərinə əl atılmasına gətirib çıxara bilər.
İkinci məqam Lütvəli Babayevin adının davamlı şəkildə mətbuatda ən müxtəlif, səs-küylü qalmaqallarda hallanmasıdır. Bura korrupsiyadan tutmuş qadına təcavüzədək çeşidli skandallar daxildir. Hesab edilir ki, onun qardaşı oğlu ilə bağlı yeni qalmaqal, icra başçısının bu qalmaqalda öz yaxın qohumuna qulaqburması vermək əvəzinə hüquq-mühafizə orqanları ilə ixtilafa girməsi səbr kasasını daşıra, Lütvəli Babayevin görəvdən alınması ilə bağlı qərar verilə bilər. Üstəlik, nəzərə alsaq ki, icra başçısı ilə bağlı yeni qalmaqal seçki ili kimi həssas bir dönəmdə yaşanır, o zaman bu ehtimalın reallaşma riskinin yüksək olduğunu demək çətin deyil.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20