İdeoloji xaos yaşayan partiyalar
İdeoloji xaos yaşayan partiyalar

Millətçisi “sol” deyir, liberalı “öncə millət” hayqırır

Dövlətin siyasi müstəvisində partiyaların fəaliyyəti önəmli rola malikdir. Hər bir siyasi partiya öz ideoloji xəttini müəyyənləşdirməklə müəyyən təsiredici gücə malik olur.

Qonşu Türkiyənin təcrübəsindən çıxış edərək deyə bilərik ki, bu ölkədə partiyalar öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmini həyata keçirə bilirlər. Ancaq Türkiyədən bir çox ölkədən fərqli olaraq, Azərbaycanda partiyaların ciddi ideoloji böhran yaşadığının şahidi oluruq. Bu mənada səslənən politoloji rəylərdə qeyd olunur ki, partiyalarda ideoloji dayaqlar sarsılıb və öz məramnamələrindən kənar siyasi xətt yürüdürlər. Məsələn ölkənin aparıcı sağçı müxalifət partiyalarının aksiyalarında sol platforma ilə siyasi mesajlar çatdırması buna bariz nümunə ola bilər. Politoloq Zərdüşt Əlizadənin dediyinə görə, sağ partiyalar əslində bununla siyasi divident qazanmaq niyyətini qarşılarına məqsəd qoyublar. Təbii ki, Azərbaycanda partiyaların da ciddi ideoloji xaos yaşaması normal hal deyil.

Kommunistlərin “təkrar biliyin anasıdır” prinsipi

Problemin səbəbləri barədə Modern.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, Azərbaycanda hələ müxtəlif ideoloji oriyentasiyalar dəqiq müəyyənləşdirilməyib. “Məsələn, sağçılar kimlərdir və konseptual planda bunlar hansı ideoloji dəyərləri özündə əxz etdirir?!” deyən siyasi ekspertin fikrincə problemin mahiyyətində məsələnin konseptual-nəzəri planda ciddi işlənməməsi dayanır. “Eləcə də solçu, sol-mərkəzçiləri də bu siyahıya aid etmək olar. Azərbaycanda sağçılar deyiləndə millətçilər, solçular deyiləndə isə sosialist dəyərlərə sahib baxışlar nəzərdə tutulur”. Solçu dəyərlərin populyar olmasını əsas gətirərək politoloq məhz bu ideoloji cərəyanın Azərbaycandakı reallığı əks etdirən müqayisəli təhlilini verib. “Solçuluq nəzəri cəhətdən ən çox işlənən doktrinadır. Gəlin diqqətlə nəzər yetirək. Azərbaycanda solçuluq ideyası daşıyan Kommunist partiyası, ASDP və s. özləri yeni bir konsepsiya yarada biliblərmi? Kommunistlər müasir kommunist doktrinalarını konseptual şəkildə işləyib öz proqramlarında əks etdiriblər? Məncə yox. Əslində indiki Rusiya Kommunist Partiyasının ideoloji cizgisini bu və ya digər formada Azərbaycan kommunistləri təkrarlayır. Ancaq dünyada sosializmlə kommunizmin daha çox demokratik variantları cazibədardır. Qərb ölkələrində demokratik sol cəbhə deyilən baxışlar və dəyərlər sistemi konseptual-nəzəri planda işlənilib bu istiqamətdə fəaliyyət göstərən partiyaların proqramlarında öz əksini tapıb. Azərbaycanda isə partiya proqramlarının və ideoloji-siyasi konsepsiyasının işlənib hazırlanmasına o qədər də əhəmiyyət verilmir. Çünki kadr potensialı da çatışmır”.

Araz Əlizadəyə ittiham: “Təhqir etmə, izah elə!”

Siyasi şərhçi hesab edir ki, dünyada ən məşhur cərəyanlardan biri olan sosial-demokrat partiyalarının Azərbaycandakı variantının nədən ibarət olduğunu heç partiya funksionerləri də izah edə bilməz. “Çünki dünyada sosial-demokratiyanın 400-dən çox doktrinası olsa da, onlar arasında prinsipial fərqlər mövcuddur. Məsələn mülkiyyət növlərinə baxışa, sosial ədalət prinsiplərinin bərqərar edilməsi qaydalarına, insanın cəmiyyətdə tutduğu yerə, sosial-demokrat modelinin qalib gələcəyi halda cəmiyyətin siyasin və iqtisadi sisteminin necə qurulacağı barədə Azərbaycanda müvafiq partiya funksionerlərinin çoxu məlumatlı deyil. Onlar ideoloji sahəni bilməyən insanlardır. Bu gün Azərbaycanda solçu ideyaları kifayət qədər populyarlaşdırmaq olar. Çünki insanların sosialist nostalgiyası hələ də qalır. Ancaq nə kommunistlər, nə də ASDP lazımı elektoral bazanı yığa bilmirlər. Bunun başlıca səbəbi isə adlarına uyğun ideoloji konsepsiyanı formalaşdırıb əhali içərisində tanıda bilməmələridir. Azərbaycanda hətta hazırlıqlı şəxs üçün də sosial-demokratiya ilə Kommunist Partiyası arasındakı prinsipial fərqləri ayırd etmək o qədər də asan olmur”, – deyə Q. Hüseynli iradlarını dilə gətirib. Keçmiş dövlət müşaviri ASDP sədri Araz Əlizadənin də bostanına daş atmağı yaddan çıxarmayıb. “Araz Əlizadəni danışdırsan o sənə öz konsepsiyasını izah etmək əvəzinə qarşısındakını onun sosial demokratiyası haqqında doktrinasını “başa düşmədiyinə” görə bir sürü təhqiramiz sözlər yağdıracaq. İnsanları öz partiyasına cəlb etmək və qurumu ideoloji cazibə mərkəzinə çevirmək əvəzinə ümumi və hamıya bəlli olan sözlər deyir”.

“AXCP birinci, Müsavat ikinci yerdədir”

Yuxarıda da qeyd etdiyimiz kimi əsas müxalifət partiyalarının əsas ideoloji baxışları nəzəri cəhətdən millətçiliyə söykənsə də, reallıqda fərqli situasiyalarla rastlaşırıq. AXCP və Müsavat partiyalarının aksiyalarında “İstefa” şüarları səsləndirilsə də, sosial xarakterli tələblərin də irəli sürüldüyü bəllidir. Əslində isə hər bir partiya öz ideoloji dəst-xəttinə uyğun olan şüarla çıxış etsə, daha da cəlbedici olar. Ölkənin aparıcı müxalifət partiyalarının ideoloji paradoksallıqları haqda suallarımızı cavablandıran analitik bildirib ki, AXCP öz ideoloji cizgisini Məmməd Əmin Rəsulzadə, Elçibəy ideyalarından qaynaqlandığını söyləyir. “Bu cizginin əsasını millətçilik, milli dövlətin qurulması təşkil edir. Ancaq bəzən onlar məramnaməsində yazıldığı kimi deyil əhalinin qulağını oxşasınlar deyə populizmə vararaq sosial xarakterli şüarlar söyləyirlər. Bu zaman daha çox solçu ideyalara meyllənirlər. Müsavat partiyası ilk yarandığı vaxtlarda sosial demokratiyaya meylli olub. Sonradan isə millətçiliyə üstünlük verilib. Müsavatın doktrinasında millətçilik birinci, sosial-demokratik şüarlar isə ikinci yerdədir. Millətçilik baxışlarına görə əslində AXCP ən öndə gedən partiya olmalıdır. Müsavat isə AXCP-dən sonra qərar tutur. Müsavatda isə ideoloji prinsiplərin epileptikası, yəni qarışığı var”.
Əvəz Temirxana liberal təbliğat təklifləri

Azərbaycan Liberal Partiyasında da ciddi təzadlı nüansların olduğunu dilə gətirən politoloq vurğulayıb ki, liberallar başqa dəyərlər sisteminin daşıyıcısı olmalıdırlar. “Klassik Qərb liberalizmini və onun dəyərlərini mənimsəyən partiyada millətçiliyə yer qalmamalıdır. “Liberalizm və millətçilik bir-birinə zidd olan anlayışlardır. Ancaq Əvəz Temirxandan soruşsanız deyəcək ki, bir nömrəli millətçi partiyadırlar. Çünki Lalə Şövkət belə deyib. Əslində isə sırf liberal siyasi sistem, liberal iqtisadiyyat, liberal siyasi sistemdə insan azadlıq və hürriyyəti olmalıdır. Liberal dəyərlərdə eyni cinsdən olan insanların bir-biri ilə evlənməsinə normal baxılır. Ancaq milli dəyərlərdə bu, ürəkbulandıran və cəmiyyətin əxlaqına zidd olan bir addım kimi qətiyyətlə rədd edilir. Azərbaycanda Liberal Partiya bunları təbliğ etmək əvəzinə gah solçu, gah da millətçi mövqe nümayiş etdirirlər. Bununla da əhalinin rəğbətini qazanmağa çalışırlar”.

AMİP-in millətçiliyi
tarixin arxivində

Azərbaycanda ilk çoxpartiyalı siyasi sistemin əsasını qoyan və rəsmi olaraq ilk qeydiyyatdan keçən AMİP ilkin vaxtlarda millətçiliyə üstün versə də sonradan bu sahədə bir deqradasiya yaşandı. Çünki artıq AMİP öz millətçi şüarlarını səsləndirmir. Politoloq Qabil Hüseynli də dediklərimizi istisna etmir. “Millətçi partiya kimi milli dəyərləri hər şeydən üstün tutan və onu digər dəyərlər sistemində qabaqcıl mövqeyə çəkən AMİP sonradan praktikada, özünün gündəlik xəttində bu cür məsələlərə həvəslə girişmir. Hazırda AMİP-in millətçi və ya hər hansı siyasi ideoloji baxışa sahib olduğunu müəyyənləşdirmək bəzən o qədər də asan olmur”.
Aqşin KƏRİMOV