Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi (İKTA) “Rəqəmsal dövrdə internet xidmətlərinin tənzimlənməsi” yazı müsabiqəsini elan edir.
"Unikal" xəbər verir ki, müsabiqənin keçirilməsində əsas məqsəd ölkəmizdə internet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin mövcud statusu barədə media nümayəndələrinin, ekspertlərin, eləcə də geniş auditoriyanın məlumatlandırılması və maarifləndirilməsidir. Müsabiqə aşağıdakı mövzuları əhatə edəcək:
-
“Telekommunikasiya sahəsində tənzimləyici çərçivə və informasiya təhlükəsizliyi məsələləri”;
-
“İnternet telekommunikasiya infrastrukturundan istifadə imkanları, məlumatların əlçatanlığı və şəffaflığı”;
-
“İnternetin xidmət keyfiyyətini müəyyən edən göstəricilər, sahə üzrə elektron xidmətlərin əlçatanlığı”.
Təqdim ediləcək yazıların hazırlanması zamanı iddiaçılar “İnternet telekommunikasiya xidməti sahəsində tənzimləyici çərçivənin hazırlıq səviyyəsinin təhlili”ndən yararlana bilərlər.
Qaliblərin və aktiv iştirakçıların müvafiq mükafat və diplomlarla təltif olunmaları nəzərdə tutulur. Müsabiqə şərtləri ilə https://icta.az/competition linkindən tanış olmaq və qeydiyyatdan keçmək olar.
Müsabiqədə iştirak üçün 30 dekabr 2024-cü il saat 18:00-dək qeydiyyatdan keçmək mümkündür. Qeydiyyatdan keçən iddiaçılardan yazıların qəbulu üçün son tarix 31 yanvar 2025-ci il saat 18:00 müəyyən edilib.
İKTA mövzular ətrafında yaranacaq sualların şərhi və izahı üçün qeydiyyatdan keçmiş iştirakçılara əlavə təlimlərin keçirilməsini planlaşdırır. Müsabiqənin detalları barədə əlavə məlumat almaq üçün İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinin (İKTA) media ilə əlaqə üzrə məsul əməkdaşı Tural İbadlı ilə ([email protected], 012 498-11-22) əlaqə saxlamaq olar.
Müsabiqəyə təqdim edilən yazılar İKTA əməkdaşlarından və müstəqil ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək və qalibləri İKTA tərəfindən təqdim edilən mükafat və qiymətli hədiyyələr gözləyir.