Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş “Müasir Azərbaycan: Prezident İlham Əliyevin liderliyində dəyişən reallıqlar” adlı tədbir keçirilib.

"Unikal" xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları YAP Yasamal rayon təşkilatının inzibati binasında Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüb, Ümummilli Liderin əziz xatirəsi dərin ehtiramla yad ediblər.

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müasir müstəqil Azərbaycan dövlətinin banisi Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Sonra Prezident İlham Əliyevin uğurlu fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Milli Məclisin deputatı Ülvi Quliyev, “Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası”nın sədri Fərhad Qaraşov, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov bildiriblər ki, Prezident İlham Əliyevin son 21 il ərzində həyata keçirdiyi uğurlu siyasət müstəqilliyimizin möhkəmləndirilməsi, ölkənin sosial-iqtisadi inkişafı və beynəlxalq arenada nüfuzunun artırılması ilə tarixə qızıl hərflərlə yazılmışdır. Bu dövr Azərbaycanın güclü və dayanıqlı dövlət quruculuğunun təmin edildiyi, torpaqlarını işğaldan azad etdiyi və regionun lider ölkəsinə çevrildiyi bir mərhələ olmuşdur. Ümummilli Lider Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıtdıqdan sonra ölkədə sabitlik və inkişafın təməli qoyulmuşdur. Ulu Öndər 2003-cü ildə xalqa müraciətində cənab İlham Əliyevi öz siyasi kursunun davamçısı kimi təqdim edərək Onun liderliyinə olan inamını ifadə etmişdir. Dövlətimizin başçısı fəaliyyəti dövründə Ümummilli Liderin irsini qoruyaraq, eyni zamanda, onu müasir dövrün çağırışlarına uyğun şəkildə yeniləmək bacarığını nümayiş etdirmişdir. Bu yanaşma Azərbaycanı sosial-iqtisadi, hərbi və beynəlxalq əlaqələr sahəsində yeni zirvələrə ucaltmışdır. Beləliklə, bu kursun dayanıqlı və uğurlu olmasını təmin edən əsas amil qalib xalqın Liderinin müdrik siyasətidir. Məhz Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın suverenliyi və ərazi bütövlüyü bərpa edildi. Qarabağ Zəfərindən sonra yaranmış yeni reallıqlar fonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan parlaq gələcəyə doğru daha inamla irəliləyir.

Daha sonra Yasamal Rayon İcra Hakimiyyəti başçısının müavini Təravət Muradova rayon ictimaiyyəti adından Prezident İlham Əliyevə doğum günü münasibətilə ünvanlanan təbrik məktubunu oxuyub.

Sonda partiyanın ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, Yeni Azərbaycan Partiyası sıralarına yeni qoşulanlara isə üzvlük vəsiqələri təqdim olunub.

Tədbirə Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsilə yekun vurulub.