Macarıstan Kənd Təsərrüfatı və Həyat Elmləri Universitetinin (MATE) professoru, aqrar iqtisadiyyat və əməliyyat tədqiqatları sahəsində tanınmış mütəxəssis professor Zoltán Károly Lakneri Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) professor-müəllim heyəti və tələbələri üçün təlimlər keçib.
"Unikal" xəbər verir ki, iki gün davam edən elmi-təcrübi təlimlər Torpaqşünaslıq və aqrokimya fakültəsində keçirilib.
Professor iqtisadi modelləşdirmə, sistem dinamikası, süni intellektin qərar qəbuluna tətbiqi və aqrar sektorun iqtisadi araşdırmaları kimi sahələrdə geniş təcrübəsini bölüşüb. Təlimlər zamanı iştirakçılara R proqramlaşdırma və müasir tədqiqat metodologiyaları üzrə praktiki biliklər təqdim edilib. Bu yanaşmalar aqrar sahədə dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında müasir elmin tətbiqini əks etdirir və tələbə, tədqiqatçıların bilik və bacarıqlarını qlobal səviyyədə artırmağa töhfə verir.
Həmçinin, Professor Zoltán Károly Lakner ADAU-nun rektoru Zəfər Qurbanovla da görüşüb. Görüşdə hər iki universitet arasında elmi və tədris əməkdaşlığının genişləndirilməsi imkanlarını müzakirə olunaraq, əməkdaşlıq perspektivləri çərçivəsində aqrar elmlər sahəsində innovativ layihələr və dayanıqlı inkişaf məqsədlərinə yönələn tədqiqatların zəruriliyi vurğulanıb.