Hacıbala Abutalıbova Azərbaycan məhkəmə tarixinin ən böyük şoku
19:56 19-07-2013
İQTİSADİYYAT
Hacıbala Abutalıbova Azərbaycan məhkəmə tarixinin ən böyük şoku
Bakı şəhər İcra Hakimiyyətinə basqılar niyə artıb?
Dünən Azərbaycan məhkəmə tarixində nadir rast gəlinən hadisə baş verib. Söhbət Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun külli miqdarda cərimə edilməsindən gedir.
Məsələ burasındadır ki, Nəsimi Rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə "İntur-avto" açıq səhmdar cəmiyyətinin sədri Aydın Heydərovun Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbova qarşı mülkiyyət hüququnun pozulmasına dair iddiasına baxılıb. Bu barədə iddiaçının vəkili Kamandar Nəsibov məlumat verib. Onun sözlərinə görə, iddiaçının Bakı şəhər İcra Hakimiyyətinə qarşı pul tələbi qismən təmin edilib və BŞİH-in 4 milyon 700 min manat məbləğində cərimələnməsinə dair qərar çıxarılıb.
Qeyd edək ki, ilkin iddianın qiyməti 17 milyon 634 min 70 manat maddi, 50 min manat isə mənəvi zərər olaraq göstərilib. İddiaya səbəb Heydər Əliyev Mərkəzinin tikintisi ilə əlaqədar aparılan söküntü işləri zamanı "İntur-avto" ASC-yə məxsus 3-4 mərtəbəli tikililərin qanunsuz olaraq sökülməsi, müxtəlif orada olan avadanlıqların daşınıb aparılmasıdır: "Oraya xüsusi briqadalar gətirilirdi, taxtalar
ayrıca, dəmirlər ayrıca mütəxəssislər tərəfindən sökülərək aparıldı, sonra isə tikililəri sökdülər. Qanunsuz söküntü və materialların, avadanlıqların daşınması işinə rəhbərlik edən BŞİH-in məsul əməkdaşı Zülfəli İsmayılov və Nərimanov rayonu Kommunal Təsərrüfatı Departamentinin sədri Rafael Mehrəliyev barəsində cinayət işinin başlanması üçün xüsusi qərardad çıxarılması barədə vəsatət versəm də, hakim təmin etmədi", deyən Kamandar Nəsibov əlavə etdi ki, iddia tam təmin edilmədiyi üçün Nəsimi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verəcəklər.
"Unikal"ın araşdırması zamanı məlum olub ki, Hacıbala Abutalıbova kəsilən cərimə öz məbləğinə görə Azərbaycan məhkəmə tarixində vəzifə başında olan bir məmura kəsilən ən böyük cərimədir. Beləliklə, Bakı şəhər İcra Hakimiyyəti başçısını bu münasibətlə "təbrik" etmək olar, necə olmasa da, axı o tarixə düşüb.
Ekspertlərin fikrincə isə, Hacıbala müəllimə belə bir iriməbləğli cərimə kəsilməsi onun üçün heç də müsbət tendensiya vəd etmir. Söhbət ondan gedir ki, Hacıbala müəllimi analoji şəkildə çoxlu belə söküntü işləri aparıb, xeyli vətəndaşın, ələlxüsus iş adamının haqlarını tapdayıb. Odur ki, onun haqqında çıxarılan məlum məhkəmə hökmü bir barometrə çevrilə, gələcəkdə də Abutalıbova yönəlik oxşar məhkəmə qərarları gələ bilər.
Nəhayət, üçüncüsü, bəzi siyasi ekspertlər isə seçki ili ərəfəsində Bakı şəhər İcra Hakimiyyətinin başçısına qarşı belə bir ciddi məhkəmə hökmünün çıxarılmasını təsadüfi saymırlar. Onlar hesab edirlər ki, bu qərarın arxasında müəyyən siyasi səbəblər də dayana bilərdi. Xüsusilə, son vaxtlar mətbuatda paytaxt merinin ardıcıl tənqid edilməsi, onun rəhbərlik etdiyi qurumun hətta bu günlərdə rəsmi dövlət qəzetlərindən birində (xatırladaq ki, bu ayın ortalarında Rəsmi "Azərbaycan" qəzetində Bakı Şəhər Icra Hakimiyyətinin tənqidinə həsr olunan yazı dərc edilib. "Görməzlik, biganəlik, yoxsa... " sərlövhəli yazıda Hacıbala Abutalıbovun "yol quruculuğu" tənqid atəşinə tutulub) kəskin iradlara məruz qalması fonunda bu versiya daha da qüvvətlənir. Bəzi ehtimallara görə, Abutalıbovun hakimiyyət daxilindəki rəqibləri onun parlament seçkilərindən sonra görəvindən alınmasını hədəfləyirlər. İndidən isə onu tənqid və təzyiq hədəfinə çevirməklə ictimai rəy həmin prosesə hazırlanır.
Başqa bir ehtimala görə isə prezident seçkilərindən sonra baş nazir Artur Rəsizadənin yola salınması qətiləşib, formalaşacaq yeni hökumət kabinetinin rəhbərliyinə isə Abutalıbovun da gizli iddiası var. Elə bu da Bakı merinin rəqiblərində qıcığa yol açıb. Son vaxtlar onun artan temp və xətlə "vurulması" da məhz Bakı
şəhər İcra Hakimiyyəti başçısının mümkün baş nazirlik yolunu "kəsməyə" hesablanıb.
İndi bu və ya başqa ehtimallardan hansında həqiqət payının olduğunu demək çətindir. Amma dəqiq görünən odur ki, paytaxt meri ətrafında olduqca maraqlı proseslər cərəyan etməkdədir. Bu proseslərin necə yekunlaşacağını, yazımızda səslənən və səslənməyən ehtimalların hansının reallaşacağını isə yaxın zaman göstərəcək.
Azər Aslan
Digər Xəbərlər
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13
2024-11-21 11:40:03
2024-11-21 11:36:17