Oqtay Şirəliyevin nazirliyi də sahibkarlara qarşı?!
19:57 19-07-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevin nazirliyi də sahibkarlara qarşı?!
Səhiyyə Nazirliyi yeni həmləyə hazırlaşır
Azərbaycanda əksər dövlət qurumları üçün yay ən əlverişli fəsillərdən biridir. Bu, həmin qurumların çeşidli sahibkarlıq obyektlərinə yerli və yersiz müdaxiləsi üçün münbit şərait yaradır. Fikir vermisinizsə, hər yay gələn kimi çimərliklərdən tutmuş sərinləşdirici içki istehsalçılarına qədər çeşidli ünvanlarda yoxlama, monitorinq və xəbərdarlıqların ard-arası kəsilmir.
Əlbəttə, bu, bir tərəfdən anlaşılandır. Azərbaycanda istehsal mədəniyyəti ilə bağlı problemlər xeyli çoxdur, onların diqqətdə saxlanılması və aradan qaldırılmağa çalışılması tamamilə təqdirəlayiq addımdır. Amma təcrübə onu göstərir ki, aidiyyatı dövlət qurumları bir çox hallarda fərqli məqsədlərlə "başmaq seyrinə" çıxır, hər hansı sahibkarlıq subyekti ilə bağlı qanunvericiliyin tələblərindən - yazılı qanunlardan çox, həmin qurumun özünün "yazılmamış qanunları" işə salınır.
Elə illərdir davam edən kütləvi yoxlama, monitorinq, reydə və s. baxmayaraq haqqında bəhs edilən məsələdə ciddi irəliləyişin olmaması, problemlərin illər əvvəllə müqayisədə olduğu kimi qalması da dediklərimizi müəyyən qədər sübut edir.
Dünənsə diqqətimizi bir xəbər çəkdi. Həmin xəbərdə bildirilirdi ki, Səhiyyə Nazirliyi qanunsuz fəaliyyət göstərən mövsümi obyektlərlə bağlı narahatlıq keçirir. "Bu gün yay mövsümündə içməli suya təlabat artdığına görə Bakı şəhərinin ayrı-ayrı park və meydançalarında, qanunsuz mövsümü obyektlər çayxanalar təşkil olunur. Bunlar da vətəndaşlar arasında xəstəliklərin yayılması üçün real təhlükə mənbələridir" deyə Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin idarə rəisi Ziyyəddin Kazımov bildirib.
O qeyd edib ki, həmin ərazilərdə su-kanalizasiya sistemi sanitar normalara cavab vermir, bəzilərində heç bu sistem yoxdur və adi primitiv qaydada fəaliyyət göstərir. Onun sözlərinə görə, ölkədə əhalinin kütləvi toplaşdığı ərazidə açıq şəkildə qazlaşdırılmış suların, şirələrin, cürbəcür xəmir məmulatları-peraşki, qutabların satışı ilə əlaqədar görülən tədbirlərə baxmayaraq, problemlər qalmaqda davam edir.
Z. Kazımov qeyd edib ki, yay mövsümündə kəskin mədə-bağırsaq xəstəliklərinin geniş yayılma ehtimalı daha çox olur. O qeyd edib ki, burada birinci növbədə ərzaq məhsullarının istehsalından sonra saxlanması və realizasiya müddətinin gözlənilməsi diqqət mərkəzində saxlanılır: "Yay mövsümündə bəzi məhsullar tez xarab olur. Lakin bir sıra hallarda tez xarab olan məhsullar digər təkrar emaldan keçirilərək yeni bir məhsul kimi satış yerlərinə aparılır. Bunun da qarşısını almaq üçün lazımi tədbirlər həyata keçirilir".
Burada xüsusilə diqqət çəkən məqam Səhiyyə Nazirliyi rəsmisinin qanunsuz olduğunu bildirdiyi mövsümi obyektlər, çayxanalar haqqında dedikləridir. Əvvəla "qanunsuz" deyərkən Oqtay Şirəliyevin rəhbərlik etdiyi nazirlik rəsmisinin "qanunsuz" deyərkən nəyi nəzərdə tutduğu anlaşılmır. Əgər ölkədə müvafiq qurumlardan xəbərsiz evinə pəncərə qoymaq belə mümkün deyilsə, paytaxtdakı park və bağlarda qanunsuz obyekt açmaq necə mümkündür? Belə obyektlərə vaxtlı-vaxtında müvafiq orqanların baş çəkdiyini hər kəs bilir.
İkincisi, maraqlı orasıdır ki, Azərbaycanda niyə dövlət qurumları daha çox sadə vətəndaşlara məxsus, elə sadə vətəndaşların da cibinə uyğun obyektləri "qaralayıblar". Əlbəttə, sağlamlıq, gigiyena məsələləri önəmlidir. Amma nə üçün elə görüntü yaradırlar ki, iri məmurlara məxsus, qiymətlərin od tutub yandığı obyektlərdə heç bir problem yoxdur, yeganə problem arxalarında heç bir "güclü əl"in olmadığı, "haqq"ını verib işini görən xırda sahibkarların kafelərində, çayxanalarında, sexlərindədir? Oqtay Şirəliyevin nazirliyi də daxil olmaqla, dövlət qurumlarının belə ayrı-seçkiliyi haqlı olaraq həm diqqət çəkir, həm də narazılıq yaradır.
Unudulmamalıdır ki, əgər gigiyena və s. kimi məsələlər önəmlidirsə (ki, əlbəttə, önəmlidir!), bu zaman obyektlər arasında fərq qoyulmamalıdır. Hansısa obyekt hansısa məmurun nəzarətindədir, himayəsindədir deyə, onu "toxunulmaz" elan edib, arxasız, xırda sahibkarların fəaliyyəti hədəfə alınmamalıdır. Üstəlik, o da diqqətdən qaçırılmamalıdır ki, artıq ictimai rəydə belə ayrıseçkiliklə bağlı möhkəmlənmiş qənaət vardır.
Həmin qənaətə görə, dövlət qurumları güclü himayədarı, arxası olmayan, kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olanları hədəfə çevirib onları sıradan çıxarmaqla məmurların bizneslərinin önünü açır, onların daha rahat "qaz vurub qazan doldurmasını" təmin edirlər. Belə olmadığını sübut etmək üçün Oqtay Şirəliyevin nazirliyi də daxil olmaqla, müvafiq dövlət qurumları artıq hər bir sahibkarlıq obyektinə bərabər gözlə baxmalı, kimin arxalı, kimin arxasız olduğunu deyil, qanunların tələblərini əsas götürməlidirlər.
Əks halda onların reyd, monitorinq və yoxlamaları hökumətdən incik düşənlərin sayını artırmaqdan başqa heç nəyə yaraya bilməz.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20