Həyat yoldaşını qətlə yetirən ərin məhkəmə prosesi başlayıb.
"Unikal"ın məlumatına görə, proses Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova- Məmmədovanın sədrliyi ilə keçirilib. Belə ki, Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs, Maştağa qəsəbə sakini Rəhimov Həsənbala Əli oğlunun anket məlumatları dəqiqləşdirilib. Sonra dövlət ittihamçısı Orxan Səmədov cinayət işinin məhkəmə baxışına verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməməsi ilə bağlı təklif irəli sürüb. Hakim müşavirədən qayıtdıqdan sonra qərarı elan edib.
Məhkəmə prosesinin ilkin baxış iclası 2025-ci il yanvar ayının 6-na təyin edilib.
İttiham aktına əsasən, Həsənbala Rəhimov 2024-cü il avqustun 17-də Sabunçu rayonunda həyat yoldaşı, 1970-ci il təvəllüdlü Ceyran Rəhimovanı bıçaqlayaraq öldürməkdə təqsirləndirilir. Cinayət hadisəsi barədə rayon prokurorluğuna məlumat daxil olduqdan sonra aparılan araşdırmalar nəticəsində onun bu ağır cinayəti törətməsi ilə bağlı əsaslı sübutlar əldə edilib. Məlum olub ki, cinayət hadisəsi qısqanclıq zəminində törədilib. Belə ki, qadın getdiyi yer barədə ərinə məlumat vermədiyindən Həsənbala bu cinayəti törədib.
Hadisədən sonra Rəhimov hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və istintaqa təhvil verilib. Ona qarşı Cinayət Məcəlləsinin xüsusi amansızlıqla adam öldürmə ilə bağlı 120.2.4-cü maddəsi ilə ittiham irəli sürülüb.
Seymur Əli