Oqtay Şirəliyevlə Kərəm Həsənov arasında soyuq savaş şiddətləndi
21:36 20-07-2013
İQTİSADİYYAT
Oqtay Şirəliyevlə Kərəm Həsənov arasında soyuq savaş şiddətləndi
Səhiyyə naziri komitə sədrini ikinci dəfə məhkəməyə verdi
Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənova qarşı ayrı-ayrı iri məmurların “savaş”ı davam edir. Komitə sədrinin rəhbərlik etdiyi quruma məhkəmə davası açan nazirlərin sırasına bu dəfə səhiyyə naziri Oqtay Şirəliyev qoşulub.
Belə ki, dünən məlum olub ki, Səhiyyə Nazirliyi Xəzər rayon İcra Hakimiyyəti, Bakı Şəhər İcra Hakimiyyəti və Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia qaldırıb. Bu barədə verilən məlumatda bildirilir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Nurəddin Mustafayevin sədrliyi ilə nazirliyin adıçəkilən dövlət qurumlarına qarşı şikayətinə avqustun 1-də baxılacaq (mia.az).
Məlumatda qeyd olunur ki, Səhiyyə Nazirliyi Məhkəməyə müraciət edərək, icra başçısı Gülağa İslamovun sərəncamını ləğv etdirmək istəyir. Ancaq birinci məhkəmə instansiyası nazirliyin iddiasına “yox” deyib.
İddiaya gəldikdə isə, Səhiyyə Nazirliyi Tikilməkdə olan Müəssisələrin Müdiriyyəti adlı qurumuna Xəzər rayonu ərazisində yeni səhiyyə müəssisəsi tikmək üçün yer ayrılıb. Lakin sonradan bəlli olub ki, ərazinin cüzi bir hissəsi fiziki şəxsə məxsusdur. Və nazirlik həmin mübahisəli əmlak üzərində sərəncam verən rayon İcra Hakimiyyəti başda olmaqla, sərəncamın verilməsi üçün razılıq məktubları verən Bakı şəhər İcra Hakimiyyəti ilə Əmlak Məsələləri Dövlət Komitəsi, həmçinin də daşınmaz əmlakın sahibi olan Talıbov Əhməd Faiq oğlunu da üçüncü şəxs qismində prosesə cəlb edib. Nazirlik məhkəmədən rayon İcra Hakimiyyətinin 01.11.1999-cu il tarixli1012 nömrəli sərəncamının etibarsız sayılmasını tələb edir.
Xatırladaq ki, bu xəbərdə Oqtay Şirəliyevin eyni vaxtda iki yüksək çinli şəxsə - Kərəm Həsənovla Hacıbala Abutalıbova “savaş” açması qədər ilginc olan komitə sədrinə qarşı son vaxtlar iri məmurların məhkəmə davaları açmasının intensivləşməsidir. Həsənovun komitəsinin son bir neçə ayda hansı nazirliklərlə gizli və aşkar formada çəkişdiyini xatırlayaq. Məsələn, mayda məlum oldu ki, Əmlak Məsələləri Dövlət Komitəsi ilə Vergilər Nazirliyi arasında yaranmış mübahisə məhkəmə müstəvisində davam etdirilir. Mübahisəyə səbəb vergiçilərin komitədə apardığı yoxlamalar və onların nəticələridir. Belə ki, bu ilin birinci rübündə Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsində yoxlama aparmaq qərarını verib. Daha doğrusu, Vergilər Nazirliyinin Kommersiya Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi Əmlak Məsələləri Dövlət Komitəsinin həyata keçirdiyi hərracları, səhm satışını, yeni müəssisələrin qeydə alınmasını və sair sahələr üzrə gördüyü işləri yoxlamaq istəyib. K.Həsənov isə buna müqavimət göstərib. Tərəflər arasında yaranmış
gərginlik ona gətirib çıxarıb ki, Vergilər Nazirliyi Əmlak Məsələləri Dövlət Komitəsinin qərarı ilə yaradılan bir sıra kommersiya təyinatlı müəssisələrin vahid pəncərə sistemində qeydiyyata almaqdan belə imtina edib. K.Həsənov və onun müavinləri isə Vergilər Nazirliyinin bu qərarının gələcəkdə çox ciddi problemlərə yol açacağından ehtiyatlanaraq problemin operativ həll olunmasına da cəhd ediblər. Bu məsələ ilə bağlı Vergilər Nazirliyi ilə anlaşmaya çalışan komitə rəhbərliyi istəyinə çatmayıb və iş məhkəməyədək uzanıb.
Yenə mayda ölkənin nüfuzlu KİV-ləri Dövlət Torpaq və Xəritçəkmə Komitəsinin Əmlak Məsələləri Dövlət Komitəsinə birləşdiriləcəyinə dair məlumat yayıblar. Həmin məlumatları Kərəm Həsənovun rəhbərlik etdiyi qurum təsdiq etməsə belə, təkzib etməməsi də maraq doğurub və hesab edilir ki, bu əslində Həsənovun Qərib Məmmədovun sədri olduğu komitəni öz nəzarətinə keçirmək arzusunun və cəhdlərinin təsdiqidir. Maraqlıdır ki, iki komitə arasında hazırda münasibətlərin sıfır həddində olduğu, bunun hər iki qurumun sədri arasında münasibətlərin gərginləşməsindən qaynaqlandığı, qanunsuz evlərin sənədləşdirilməsinin yubanmasının bir səbəbinin də məhz Həsənovla Məmmədovun komitələri arasındakı intriqaya söykəndiyi bildirilir.
Bu arada diqqət çəkən başqa bir önəmli məqam Şirəliyevin rəhbərlik etdiyi nazirliyin artıq ikinci dəfədir ki, Kərəm Həsənovun komitəsini məhkəməyə verməsidir. Belə ki, iki ay əvvəl Səhiyyə Nazirliyinin Gəncə şəhəri Səhiyyə İdarəsi Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin (DƏDRX) Gəncə ərazi İdarəsini məhkəməyə verib. Şirəliyevin idarəsi qarşı tərəfə qarşı torpaq sahəsində tikilmiş qeyri-yaşayış obyektinə verilmiş sərəncamın, çıxarışın ləğv edilməsi barədə iddia qaldırıb. Gəncə İnzibati-İqtisadi Məhkəməsi iddianı təmin etməyib. Gəncə Apellyasiya məhkəməsi isə aktı ləğv edərək yeni qətnamə qəbul edib. İşə Ali Məhkəmədə baxılacaq.
Bu işin məhkəməyə qədər uzanması da iki qurum arasında qeyri-rəsmi anlaşmaq cəhdlərinin nəticəsiz qalması, Kərəm Həsənovun Oqtay Şirəliyevin xahişini yerə salması ilə izah olunur.
Ümumilikdə isə açıq-aşkar görünür ki, Şirəliyevlə Həsənovun arasında soyuq münasibətlər var və bu “soyuq savaş” getdikcə dərinləşir.
Digər tərəfdən, komitə sədrinin çeşidli nazirliklərlə, iri dövlət qurumları ilə məhkəmələrdə çəkişməsi hallarının intensivləşməsi maraq doğurur. Bəzi ekspertlərə görə, hazırda Əmlak Məsələləri Dövlət Komitəsinin sədri özünü hökumət daxilində ən güclü fiqurlardan biri hesab edir və hətta özündən qat-qat nüfuzlu məmurların belə müraciətlərini eşitmək, xahişlərini dinləmək istəmir. Bu isə Kərəm Həsənovun komitəsinin adının çeşidli dövlət qurumları ilə məhkəmə mübahisələrində hallanması ilə yekunlaşır.
Ekspertlərə görə, bu cür halların davam etməsi, intensivləşməsi komitə sədri üçün heç də müsbət perspekitv vəd etmir. Çünki iqtidardakı müxtəlif qurum və məmurlarla intriqada olmağın yetərincə mənfi tərəfləri var. Təcrübə göstərir ki, hətta hakimiyyətdaxili proseslərə ən güclü təsir imkanları, gözqamaşdırıcı kapitalı və başqa resursları olan məmurlar belə, iqtidar içində çoxsaylı münaqişə ocaqlarının içində olduqda, ciddi təhlükə yaşayırlar. Rəqiblər sonda ona qarşı ittifaq qurur və ilk xırdaca səhvində "torbasını tikirlər"". İndiyədək çoxsaylı belə nümunə yaşanıb.
Kərəm Həsənovun xüsusən seçki ili kimi həssas siyasi dönəmdə iqtidariçi qarşıdurmaların ön cərgəsində yer alması komitə sədrinin tez hədəfə gəlməsini stimullaşdıra bilər. Belə ki, Kərəm Həsənovun zorən və ya könüllü cəlb olunduğu bütün bu qədər qarşıdurmalar, ixtilaflar şəraitində biz onu seçkidən sonra formalaşacaq yeni hökumətin tərkibində görməyə də bilərik.
Ülviyyə Qasımlı
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20