Brifinq, yoxsa "dinləmələr"?
21:37 20-07-2013
İQTİSADİYYAT
Brifinq, yoxsa "dinləmələr"?
Aqressiv müxalifətin özünüreklam cəhdi bu dəfə də iflasa uğradı
İyul ayının 16-da ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə Komissiyası (Helsinki Komissiyası) tərəfindən Azərbaycanla bağlı brifinq təşkil edilib. Komissiya katibliyinin əməkdaşları Şeli Han və Pol Karterin moderatorluq etdikləri brifinqdə Azərbaycanın rəsmi dairələrini ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov və Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər keçirmək məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təmsil ediblər.
Əvvəlcədən qeyd edək ki, bir sıra mətbuat orqanları tərəfindən yayılmış məlumatlardan fərqli olaraq, Helsinki Komissiyasında Azərbaycan barədə tədbir "dinləmə" deyil, brifinq formatında baş tutmuşdur. Mövcud qaydalara əsasən, brifinqlər daha qeyri-formal xarakter daşıyır və bu formatdakı yığıncaqları komissiyanın sədri və ya həmsədri deyil, sadəcə, katiblik əməkdaşları aparırlar. Bu səbəbdəndir ki, Azərbaycana dair brifinqə komissiya üzvlərindən heç biri qatılmamışdı. Həmin mətbu orqanların brifinqlə dinləməni səhv salması və yaxud qəsdən şişirdilmiş formada təqdimatı Azərbaycanda birmənalı qarşılanmayıb. Məsələyə münasibət bildirən Azərbaycan Respublikası Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Helsinki Komissiyası tərəfindən belə brifinqlərin təşkil olunması adi haldır: "Bu tədbirin əhəmiyyətini şişirtmək, onu Konqresdə "dinləmələr" səviyyəsinə yüksəltmək cəhdləri vardır ki, mən bunu müəyyən daxili siyasi qrupların özünüreklam cəhdi kimi qiymətləndirirəm. Onlar çox istəyirdilər ki, bu tədbir Konqresdə dinləmələr formatında baş tutsun. Hətta cidd-cəhdlə bu yaxınlarda Azərbaycana səfər edən, sözügedən komissiyaların üzvü olan konqresmen və senatorların tədbirə qatılmalarına nail olmağa çalışırdılar. Lakin heç nə alınmadı. Bu da onların iflası, elə həmin ABŞ-da bu müxalifətə olan səthi münasibətin göstəricisidir".
Xatırladaq ki, toplantıda çıxış edən Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov brifinqə geniş yazılı məruzə təqdim etməklə bərabər, iştirakçılar qarşısındakı çıxışında Azərbaycanda demokratik dövlət quruculuğu, azad cəmiyyətin təşviqi və insan hüquqlarının qorunması sahəsində Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək bütün bunların nəticəsində əldə olunan nailiyyətləri sadalayıb. Diplomat Azərbaycan və ABŞ arasında qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu ifadə edərək dinamik vətəndaş cəmiyyətinin mövcud olduğunu və insan kapitalının inkişafına ciddi diqqət yetirildiyini vurğulayıb. Diplomat Azərbaycanda korrupsiyaya qarşı mübarizə sahəsində hökumət qurumlarının yorulmaz səylərini diqqətə çatdıraraq bu kontekstdə "ASAN xidmət" mərkəzlərinin qısa müddətdə qazandığı nəticələri təqdir edib. Bu siyasi islahatların uğurlu icrasını şərtləndirən iqtisadi nailiyyətləri də sadalayan səfir son 10 ildə Azərbaycanda əhali arasında yoxsulluq səviyyəsinin 49 faizdən təqribən 6 faizə endiyini göstərib.
Azərbaycan-Amerika Dostluq Qrupunun rəhbəri kimi Vaşinqtonda ikitərəfli görüşlər keçirmək məqsədilə ABŞ-da səfərdə olan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov isə Azərbaycan Respublikasının regional və qlobal səviyyədə artmaqda olan çəkisi və nüfuzu barədə danışıb. O, brifinq ərzində növbəti dəfə Ermənistan tərəfindən Azərbaycan torpaqlarının davam edən işğalının ağır nəticələrini önə çəkib. S.Seyidov Azərbaycanın Avropa Şurasının üzvü olaraq bu təşkilatla müxtəlif sahələrdə və xüsusilə insan hüquqlarının müdafiəsinin gücləndirilməsi istiqamətində apardığı əməkdaşlığın əhəmiyyətini ifadə edib və Azərbaycanın 2014-cü ilin mayından etibarən bu təşkilata sədrlik edəcəyini söyləyib.
Komitə sədri, həmçinin Azərbaycanın İnsan Hüquqları haqqında Avropa Konvensiyasına qoşulduğunu xatırladaraq Azərbaycan vətəndaşlarının birbaşa olaraq bu məhkəməyə müraciət etmək hüququna malik olduqlarını deyib və hökumətin həmin məhkəmənin çıxardığı bütün qərarları icra etdiyini diqqətə çatdırıb.
Sözügedən brifinqdə qoca kinorejissor Rüstəm İbrahimbəyovun yaratdığı "Milli Şura"nın sədr aparatının rəhbəri, reneqat Eldar Namazov da iştirak edib. Tədbirdə Azərbaycanla bağlı iki tənqidi çıxış olub. Bunlardan birini "Milli Şura"nın nümayəndəsi, o birisini də ABŞ erməni milli assambleyasının təmsilçisi edib. Reneqat Eldar Namazov amerikalılar qarşısında utanmadan öz ölkəsinə qarşı sanksiya tətbiq edilməsini istəyib. Belə çıxır ki, bu siyasi riyakar erməni milli assambleyasının təmsilçisi ilə həmfikir olub. Çünki bu şəxs çıxışında işğal olunmuş tarixi torpaqlarımız, Dağlıq Qarabağ problemi, 1 milyondan çox qaçqın və məcburi köçkün barədə bircə kəlmə belə söz işlətməyib. Rəhbəri Rüstəm İbrahimbəyov olan şəxsdən bundan artıq nə gözləmək olar? Artıq bu şəxslər açıq-aşkar erməni lobbisinin təsiri altına düşərək Azərbaycana qarşı düşmən mövqedə olduqlarını göstərirlər.
Azərbaycan Respublikası Prezidenti Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov da bu məsələyə xüsusi toxunaraq qeyd edib ki, "Milli Şura" adlanan qurumun təmsilçisi həmin tədbirdə Azərbaycan haqqında absurd, əsassız, qeyri-obyektiv və dezinformasiya xarakterli çıxış edib və eyniməzmunlu məlumat yayıb. Erməni milli assambleyasının üzvü ilə "Milli Şura" təmsilçisi tənqidi arayış da veriblər. "Azərbaycan qanunvericiliyini təhrif edən, ölkədə baş verən hadisələrə, cərəyan edən proseslərə öz subyektiv siyasi maraqları prizmasından yanaşan, subyektiv siyasi iddialarını reallaşdırmağa cəhd göstərən "Milli Şura" və orada təmsil olunan antimilli ünsürlər indi də ermənilərlə sinxron şəkildə Azərbaycanın beynəlxalq nüfuzunu ləkələmək üçün konkret fəaliyyətə başlayıblar. Onlar müxtəlif ölkələrə səfərlər edərək siyasi dəstək, maliyyə mənbələri axtarırlar, Azərbaycan xalqının rəyi ilə hesablaşmadan onun taleyini xaricdə həll etməyə çalışırlar", - deyə Əli Həsənov vurğulayıb.
Əlavə edək ki, erməni lobbisinin istəyinə uyğun fəaliyyət göstərən üzdəniraq qüvvələrin brifinqdə göstərdiyi canfəşanlığa baxmayaraq, ABŞ-Azərbaycan əlaqələrinin, birgə əməkdaşlıq və ikitərəfli münasibətlərin inkişaf etdiyi vurğulanıb. Toplantıda ABŞ Dövlət Departamentini təmsil etmiş dövlət katibi yardımçısının müavini Tomas Melia ABŞ-ın Azərbaycanı bir dost ölkə kimi gördüyünü və müxtəlif sahələrdə ikitərəfli münasibətlərin inkişaf etdiyini söyləyib.
Sonda isə bir daha qeyd edək ki, bəzi qüvvələrin bu tədbiri yanlış şəkildə yozaraq onu Azərbaycana qarşı bir təzyiq vasitəsi kimi qələmə vermək cəhdləri də boşa çıxdı. Çünki Helsinki Komissiyası digər iştirakçılarla yanaşı, Azərbaycan rəsmi dairələrinin nümayəndələrini də bu tədbirə dəvət edib. Eyni zamanda, brifinqi "dinləmə" kimi təqdim edən qüvvələr də ifşa olundu.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20