Qəsdən bədənə ağır xəsarət yetirmə maddəsi ilə təqsirləndirilən Afiəddin Məmmədovun cinayət işi üzrə məhkəmənin növbəti prosesi keçirilib.
"Unikal"ın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının yekunlaşdığı elan olunub və çıxışlar mərhələsinə keçilib.
Dövlət ittihamçısı çıxış edərək Afiəddin Məmmədovun 10 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.
Təqsirləndirilən şəxsin vəkili çıxış üçün vaxt istəyib.
Növbəti proses 14 yanvar tarixinə təyin edilib.
Qeyd edək ki, Afiəddin Məmmədov 2023-cü il sentyabrın 20-də həbs olunub. O, Cinayət Məcəlləsinin 126.2.4-cü (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma), 221.3-cü (xuliqanlıq-silah qismində istifadə olunan əşyalardan istifadə etməklə törədildikdə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə, milli geyim ləvazimatı hesab olunan ərazilərdə və ya ovçuluq peşəsi ilə bağlı olaraq soyuq silahı gəzdirmə halları istisna olmaqla) maddələri ilə ittiham olunur.
Seymur Əli