Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.2.4-cü (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) və quldurluq maddəsi ilə təqsirləndirilən şəxs Əsədov Rəhim İsmayıl oğlunun növbəti məhkəmə prosesi keçirilib. 

"Unikal"ın məlumatına görə, ilk olaraq şahid Fərid Əliyev ifadə verərək bildirib ki, Rəşidlə bir yerdə işləmişəm: "Mən evdə idim, iş yoldaşım İsmayıl yığdı məni. Dedi gedək Rəşidi çağıraq, anası yığır ki, Rəşidə zəng çatmır. Qapını döydük açan olmadı. Qonşudan kəlbətin götürüb pəncərənin mismarlarını çıxartdı,  qulpu aşağı elədik qapı açıldı. İçəri girib meyiti görəndə halım pisləşdi, çıxdım çölə. Dərhal polisə zəng elədik məlumat verdik".

Şahid ifadəsindən sonra hakim sənədlərin tədqiqi mərhələsinə keçdi. 
Təqsirləndirilən şəxsin vəkili ibtidai istintaq orqanı tərəfindən müvəkkilinə xüsusi amansızlıq maddəsinin düzgün verilmədiyini bildirdi. Həmçinin quldurluq maddəsinidə qəbul etmədiklərini söyləyərək vəsatət verdi. Müvəkkilinə Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə tövsif olunmasını istədi. 
Hakim yerində müşavirə edərək vəsatətə münasibət bildirdi: "Bu vəsatətə müşavirə otağında qiymət verəcəyik".

Hakim Novruz Kərimov məhkəmə istintaqının yekunlaşdığını elan edərək çıxış üçün dövlət ittihamçısına söz verdi. İttihamçı zərərçəkmiş şəxsin barışıq verməsinə baxmayaraq xüsusi amansızlıq olduğu üçün cəza verilərkən bu nəzərə alınmayacaq. Rəhim Əsədovun 19 il azadlıqdan məhrum edilməsini təklif etdi. 

Sonra zərərçəkənin hüquqi varisi təqsirləndirilən şəxsə yüngül cəza verilməsini istədi. 

Məhkəmə prosesi təqsirləndirilən şəxsin vəkilinin çıxış üçün vaxt istədiyinə görə yanvar ayının 15-nə kimi təxirə salındı.

Xatırladaq ki, 2024-cü il iyunun 14-də paytaxtın Sabunçu rayonu ərazisində 2006-cı il təvəllüdlü Rəşid İmanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırma zamanı 2006-cı il təvəllüdlü Rəhim Əsədovun rayonun Balaxanı qəsəbəsi ərazisində aralarından yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Rəşid İmanovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib”, – məlumatda qeyd olunub.

Bildirilib ki, faktla bağlı ilkin olaraq Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Seymur Əli