Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan gündəmdə Aİİ-dən çıxmaq məsələsinin olub-olmaması sualına cavab verməkdə çətinlik çəkib.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Ermənistan iqtisadi cəhətdən Rusiya Federasiyasından asılı olduğu üçün Aİİ-dən çıxandan sonra nə baş verəcəyini hesablayıbmı?" sualına belə cavab verib: "Biz çoxlu müxtəlif hesablamalar aparmışıq, bu məsələlərlə bağlı da müəyyən hesablamalarımız var, bütün riskləri qiymətləndirib hesablayırıq, çoxlu risklər var.

Biz müxtəlif ssenariləri, fərqli məsələləri müzakirə edirik, bizim iş təcrübəmiz müxtəlif riskləri qiymətləndirməkdir. Bu və ya digər halda nələrin baş verəcəyi ilə bağlı təhlillərimiz var. Lakin bu barədə danışmaq mənasız və yersizdir", - nazir deyib. 

O, həmçinin vurğulayıb ki, Rusiyanın Aİ yolunda verdiyi bəyanatlar təbiidir, çünki Rusiya ilə Avropa arasında münasibətlər çox gərgindir və istənilən belə addım kəskin reaksiyaya səbəb ola bilər.

Erməni nazir həmçinin Aİİ-dən çıxmaq barədə qərarın hansı mərhələdə veriləcəyini söyləməkdə çətinlik çəkib: "Mən özüm də bu prosedurlardan tam məlumatlı deyiləm. Söhbət ondan gedir ki, siz bu haqda düşünə bilərsiniz, Aİ ilə üzvlük yolu ilə gedəsiniz, lakin o yolun nə qədər davam edəcəyini demək çətindir, çünki biz uzun müddətdir bu yoldayıq. SEPA protokoluna görə, yəni bu proses yeni deyil. Bu, sadəcə olaraq, baş tutan imzatoplamaya cavabdır".

Eyni zamanda, o qeyd edib ki, Aİİ-dən çıxmaq riskləri olacaq, bu, göz qabağındadır, çünki Ermənistanın ixracatının böyük hissəsi Rusiyaya gedir, ona görə də Aİİ-dən çıxış baş verərsə, onun öz riskləri olacaq.

Ağarza Elçinoğlu