Yanvarın 12-də 1995-ci il təvəllüdlü Bakı şəhər sakini Mansurlu Nəzrin Aydın qızının müalicə aldığı xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda araşdırma aparılıb.

Baş Prokurorluqdan "Unikal"a verilən məlumata görə, ilkin araşdırma zamanı Nəzrin Mansurlunun yanvarın 3-də paytaxtın Nəsimi rayonu ərazisində yerləşən klinikalardan birində rinoplastika əməliyyatı edilməsi, əməliyyatdan qısa müddət sonra vəziyyəti kəskin ağırlaşdığı üçün müalicə məqsədilə yerləşdirildiyi xəstəxanada ölməsi müəyyən edilib.

Faktla bağlı Nəsimi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanaraq istintaq aparılır. İş üzrə müvafiq ekspertizalar təyin edilərək zəruri prosessual hərəkətlər icra olunur.

Qeyd edək ki, Nəzrin Mansurlu burun çəpərindəki əyriliyi aradan qaldırmaq üçün əməliyyat olunduqdan sonra komaya düşüb və ayılmayıb.