Etibar Pirverdiyev hökumətdən narazılıq yaradır
21:14 24-07-2013
İQTİSADİYYAT
Etibar Pirverdiyev hökumətdən narazılıq yaradır
"Azərenerji" prezidenti bunun cəzasını çəkə bilər
Azərbaycanın kəndlərində elektrik enerjisi sarıdan ciddi problemlər qalmaqdadır. Baxmayaraq ki, "Azərenerji" prezidenti Etibar Pirverdiyev ölkədə işıq sarıdan ciddi çətinliklərin olmadığını deyir.
Amma bölgələrdən gələn xəbərlər hazırda nəinki qış, hətta yay aylarında da ölkənin əksər bölgələrinin işıqla təchizatının bərbad durumda olduğunu söyləməyə, bunun vətəndaşlarda kəskin narazılıqlar meydana gətirdiyini deməyə əsas verir. Elə son bir ay, ay yarım ərzində çeşidli KİV-lərdə işıq problemi ilə bağlı yer alan şikayətlərin bir hissəsinə göz atmaq kifayətdir ki, Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun ölkəboyu minlərlə ailəni elektrik enerjisi ilə bağlı necə sınağa çəkdiyini görəsən.
Məsələn, ötən ay məlumat yayıldı ki, Beyləqan rayonu Əmirzeyidli kəndində 1961-ci ildə quraşdırılan 10000 kvt elektirik xətti tam yararsız vəziyyətdədir. Rayon mərkəzi ilə 3-5 km məsafədə olan bu kəndin işıq problemi uzun müddətdir ki, öz həllinə çarə axtarır. İmişli rayonunda yerləşən Regional Elektrik Şəbəkəsinə və Beyləqan rayon Elektirik Şəbəkəsinə təxminən 800 nəfərdən çox abonentin şikayət etməsinə baxmayaraq bu məsələ həllini tapmır. Əmirzeyidli kəndinin sakinləri yerli icra hakimiyyətinə də dəfələrlə şikayət etmələrinə rəğmən problem yoluna qoyulmaq bilmir.
Yenə bir ay əvvəl Goranboy rayonu Xoylu kənd sakinlərinin bir qismi də elektrik enerjisinin olmamasından gileylənir. Onlar bildirmişdilər ki, artıq bir müddətdir gecələri zülmətdə keçirirlər, şikayətlərinin cavabsız qalması isə onların ümidlərini hər yerdən kəsmələrinə gətirib çıxarıb.
Sakinlərin sözlərinə görə, kənddə 80-ə yaxın evi elektrik enerjisi ilə təmin etməli olan transformatorda yaranan nasazlıq sakinləri sözün əsl mənasında təngə gətirib. Dəfələrlə xarab olan transformatoru Goranboy rayon Elektrik Şəbəkəsi təmir məqsədilə aparsa da, uzun müddət qurğudan əsər-əlamət olmayıb. Bu da kəndin 400-dən artıq sakininin həftələrcə işıqsız qalması ilə nəticələnib.
Xoylu kəndinin sakinlərini narahat edən digər bir məsələ isə əvvəllər mənzillərinin normal cərəyanla təmin olunmamasıdır. Belə ki, kəndi işıqla təmin etməli olan nasaz transformatorda yaranan problem bir neçə evdə elektrik avadanlıqlarını sıradan çıxarıb. Kənd sakinləri arasında aparılan sorğu zamanı məlum olub ki, Xoyluda elektrik enerjisinin istifadəçiləri arasında borclu abonent yoxdur. Hamı işlətdiyi işığın pulunu ödəyərək, şəbəkə rəsmilərindən qaimə əldə edib. Vətəndaşlar işıqpulunu ödəyir, amma elektrik enerjisi təminatında problemlərlə üzləşirsə, bu, açıq-aşkar haqsızlıq və özbaşınalıqdır.
Bərdə rayonunda da son 2 aydır davam edən elektrik enerjisinin kəsilməsi problemi hələ də davam edir. Belə ki, hər gün Bərdə rayonunun kəndlərində fasilələrlə işıqların söndürülməsi və günün 5 - 6 saatı enerjinin verilməsi, əhalinin güzəranına mənfi təsir göstərir. Günün müxtəlif saatlarında elektrik enerjisi kəsilir, bu isə ərzaqların yararsız vəziyyətə düşməsinə, suların kəsilməsinə səbəb olur. Dəfələrlə aidiyyatı orqanlara müraciət edilsə də, problem olduğu kimi qalır.
Fikrimizcə, sadalanan nümunələr Azərbaycan əyalətlərində işıqla təminat baxımından durumun nə qədər bərbad olduğunu gözlər önünə sərir. Bu isə o deməkdir ki, son bir neçə ildə milyardlarla manatlıq dövlət vəsaiti və xarici kredit alan "Azərenerji" rəhbərliyi ölkənin işıqla təminatında ciddi irəliləyişə nail olmamaqla həm həmin vəsaitlər ətrafında ciddi korrupsiya şübhələrinin yaranmasına rəvac verib, həm də elektrik enerjisi ilə təminat sarıdan çoxsaylı narazıların meydana çıxmasını şərtləndirib.
Bu, xüsusilə seçki ilində elektorat sarıdan hökumətin müəyyən problemlər yaşamasının önünü açmaq deməkdir. Hətta istisna deyil ki, bu cür situasiyaların meydana gəlməsindən sonra "Azərenerji" rəhbəri payızdakı prezident seçkilərindən sonra ciddi əngəllərlə üzləşsin. Məsələn, Pirverdiyevin "Azərenerji" prezidenti olaraq fəaliyyətini davam etdirməsi ciddi şübhə altına düşə bilər.
Seymur Quliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20