Milli Şuradan bir partiya çıxdı
17:19 25-07-2013
İQTİSADİYYAT
Milli Şuradan bir partiya çıxdı
Milli Şurada közərən ocaqlar
Milli Şura daxilində gərginlik get-gedə güclənir. Öncəliklə bu gərginlik AXCP ilə Müsavat arasında oldu. Belə ki, vahid namizəd Rüstəm İbrahimbəyov olsada, Müsavat başqanı İsa Qəmbərdə namizədliyini geri götürmədi və bununla da İsa Qəmbər hədəfə alındı.
Artıq əksəriyyətə məlumdur ki, Milli Şura sona qədər birlik modeli olaraq qala bilməyəcək. Çünki təşkilatda bir qrup Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmasa baykot qərarı çıxartmağı tələb etsədə, digər qrup bunu mümkünsüz sayır və seçkilərdə iştirakı vacib hesab edirlər. Məhz bu məqamda Milli Şura parçalanacaq. Bundan başqa aydın olur ki, Rüstəm İbrahimbəyovun namizədliyinin qeydə alınmasıl get-gedə mümkünsüzləşir. Həmçinin artıq tam aşkarlanır ki, bu proje Rusiyanın projesidir və Müsavat bu projedən artıq imtina etmək ərəfəsindədir. Proseslərin belə gərginləşdiyi bir zamanda KAXCP sədri Mirmahmud Mirəlioğluda AXCP-ni hədəfə aldı və Əli Kərimli başda olmaqla AXCP rəhbərliyini elçibəyçi yox,yurdçu adlandırdı. Amma qalmaqallar bununla sona çatmadı.
“Rəsul Quliyev 2005 hoqqadan çıxıb"
Bu dəfə ACP ilə Müsavat arasındakı gərginlik pik həddinə çatdı və Müsavat liderlərindən olan Arif Hacılı Rəsul Quliyevi açıq şəkildə təhqir etdi. Arif hacılı bu barədə "Facebook" hesabında yazıb:"1992 ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi,eyni zamanda siyasi konyuktura baxımından real idi.Rəsul Quliyev o dövrün termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu.O dövrün ən populyar qəzeti olan "Müxalifət "qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu.MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi."Rəsul Quliyev elə adamdır ki. onunla ya işləmək ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq onu əvvəlcə neft şirkətinin sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökuməıtinin süqutunda həlledici rol oynadı.Sonralar bəlli oldu ki,Rəsul quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək,çevriliş planının əsasını qoymuşdu.
Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçısı olmaq,2005 də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005 ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki,nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.
Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova,Mütəllibovu Elçibəyə,Elçibəyi yenidən Heydər Əliyevə,Heydər Əliyevi İsa Qəmbərə,İsa Qəmbəri allah bilir kimə satmış bir buqələmundur.
Əslində heç olmasa 2005 hoqqalarından sonra onu durdurmaq zamanı idi.Təəsüf ki,bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər. 2008 ci ildə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən,seçkidən sonra onu ilk olaraq təbrik edən ACP və onun liderini yenidən ortaya gətirdilər.Yenidən Rasul Quliyevə müxalifətçi mandatı verdik.Gözlənildiyi kimi əlinə verdiyimiz oxla birinci bizi nişan aldı. Biz Müsavatçı,Rəsulzadə Elçibəy yolunun yolçuları olaraq bu tip adamlarla birlikdə yox onlardan ayrı, onlara qarşı olanda güclüyük.Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil,əqidəmizdə, dönməzliyimizdə,ləyaqətimizdədir!". Bunun qarşılığı olaraq Rəsul Quliyevdə ümumilikdə Müsavatı aşağılayan bəyanat verdi.
"Müsavatın
tarixi saxtadır"
"20 ildir Musavata başqanlıq edənlərin ideyaları, hərəkətləri onların Azərbaycan üçün demokratik gələcək arzuladıqlarına dəlalət eləmir".
Bu sözləri Milli Məclisn keçmiş sədri Rəsul Quliyev sosial şəbəkədə suallara cavab verərkən bildirib. Müsavat üzvlərinin partiyanın tarixi ilə bağlı daim nümunə gətirmələrinə etiraz edən R.Quliyev "100 illk partiya" iddiasını qəbul etmədiyini bildirib.
"Komunist idealogiyasının 180 il, partiyasının isə 120 illik tarixi var. Bunun mətləbə nə dəxli var? Müsavat Partiyası 10 il bolşevik inqilabına qədər, 20 ildə ikinci dəfə Azərbaycan müstəqillik alandan sonra mövcuddur. Yəni 30 il. Bəs bu 100 il haradan ortaya çıxdı? Həmin metodla hesablansa, Əhrar Partiyası Müsavat Partiyasından azı 7 yaş böyükdür. Tarixə getmək Müsavatın xeyrinə olmaz. Ümumiyyətlə, gəlin Koroğluları, Babəkləri bir tərəfə qoyub bu günkü düşdüyümüz vəziyyətə ağlayıb çarə axtaraq"-deyə R.Quliyev yazıb.
Daha sonra Müsavata istehza edən eks-spiker bildirib ki, "bu çarənin dərmanı Musavatın əlindədirsə, hamımız sizə yalvarırıq, bu işi eləyin, xəyalınızdakı qələbələrinizi gerçəkləşdirin".
Bununla yanaşı, R.Quliyev vurğulayıb ki, Musavat Partiyasının sıravi üzvləri Azərbaycanın gələcəyini istəyib o yolda canından keçməyə hazır insanlardır, onların hamısına hörməti var. R.Quliyev qeyd edib ki, Müsavat Partiyası müxalifət partiyasıdır və onun liderinin seçkilərdə iştirakı seçkilərə demokratik don geydirmək üçün hökümətə fürsət verir.
"Liderin seçkilərdə maksimum 3 faiz səs alıb sonradan "mən qalib gəlmişdim seçkilər saxtalaşdırıldı" deməsinin bu millət üçün nə xeyri ola bilər?".
İslam Partiyası Milli
Şuranı rədd etdi
Amma Milli Şura ətrafındakı gərginliklər bununla tamamlanmadı. Bu dəfə ağır zərbə İslam partiyasından gəldi. Belə ki, Azərbaycan İslam Partiyasının həbsdə olan lideri Mövsüm Səmədov Demokratik Qüvvələrin Milli Şurasının və özünün prezident seçkisində iştirakı ilə bağlı bəyanatla çıxış edib.
Mövsüm Səmədovun bəyanatında bildirilir: "Seçki öncəsi dövrdə Milli Şura adlı qurumun yaranması, onun ətrafında müxtəlif siyasi partiyaların, cərəyanların rəhbərlərinin yığılması və vahid namizədlə təmsil olunması sevindirici haldır. Təəssüf ki, son 20 ildə belə birlik müşahidə olunmayıb.
Milli Şura nə vaxtadək Azərbaycan xalqının maraqlarına münasib nəzəri və praktik addımlar atacaqsa, biz onu dəstəkləyəcəyik. Azərbaycanda ilk yaranmış və qeydiyyatdan keçmiş və 20 il ərzində xalqımızın ictimai-siyasi səhnəsində müxtəlif mübarizələrdən alnıaçıq çıxmış, bu yolda zindanlarda əsir və şəhadət şərbətini içmiş siyasi partiya kimi Azərbaycan İslam Partiyasının bu hadisələrə münasibəti birmənalıdır.
AİP daha çox layiqdir ki, xalqın problemlərinin həllində öz missiyasını həyata keçirmək üçün xalq tərəfindən lazımi həddə dəstəklənsin. İslamın ölkəmizdəki ictimai-siyasi nüfuzundan və ədalət ruhiyyəsindən daim ehtiyatlanan qüvvələrə rəğmən bu gün xalqımız siyasi səhnədə də islami çevrələrin ardınca olmasını kifayət qədər nümayiş etdirib.
Şəxsən mənim Milli Şurada təmsil olunmağım onun fəaliyyətinə təsir etmə nöqteyi-nəzərindən o qədər də məqbul deyil. Çünki zindanda olmağımızla əlaqədar Milli Şuranın işində yaxından iştirakım mümkün deyil. Həm də Azərbaycan İslam Partiyasının seçki şurasında onun bir namizədi kimi iştirak etdiyimizə görə Milli Şurada üzv olmağımızı lazım bilmirik. Hərçənd ki, xalqın xeyrinə atılan addımları, hər hansı qurum tərəfindən atılmış olsa da, xüsusən Milli Şura tərəfindən, dəstəkləməyimiz mümkündür və məqsədəmüvafiqdir.
Mənim seçkilərə namizəd kimi qatılmağım özümün istəyimdən daha çox xalqın istəyidir. Bu baxımdan mən öz namizədliyimin irəli sürülməsinə razı olmuşam və bu siyasi səhnədə nə qədər ki, xalq bizə etimad edəcək, nə qədər ki, qanun çərçivəsində biz bu etimadı lazımınca doğrulda biləcəyik, özümüzü bu vəzifəni daşımağa məsul bilirik. Qarşıda ola biləcək məhdudiyyətlərin müqabilində yaranmış hadisələrdə öz ilahi vəzifəmizə uyğun olaraq addım atacağıq".
Məhbəsdəki din
xadimindən Milli
Şura açıqlaması
11 il müddətinə azadlıqdan məhrum edilmiş vicdan məhbusu, ilahiyyatçı-alim Abgül Süleymanov da həbsxanadan məktub göndərib. Nüfuzlu ruhani yazdığı məktubda bir çox məqamlara tamamilə aydınlıq gətirib. Musavat.com-un məlumatına görə, məktubda deyilir: "Bir müddətdir ölkədəki ictimai-siyasi proseslərdə bizim mövqeyimiz, daha dəqiq desək Milli Şura adlı müxalifət blokuna olan münasibətimiz müzakirə mövzusu olmaqdadır. Bu barədə konkret olaraq deyirəm ki, biz Milli Şuraya heç vaxt daxil olmamışıq. Və bildirirəm ki, mətbuatda bizim müstəqil mövqeyimizi əks etdirməyən, guya siyasi bloklara qoşulmağımız barədə xəbərlər səhvdir, iradəmizin əleyhinə olaraq adımızdan istifadə edilməsi halları tamamilə yanlış addımdır. Biz özümüz qurum təsis etmək, hər hansı qüvvələrlə, qurumlarla ittifaqa getmək və ya digər istənilən ictimai-siyasi fəaliyyətimizlə bağlı açıqlama vermək istəyəndə, bu barədə hamı mənim oz dilimdən eşidib biləcək".
Beləliklə gördüyünüz kimi Rüstəm İbrahimbəyov Bakıya qayıdana qədər Milli Şurada parçalanma pik həddinə çatacaq və tam bir nəticəsizlik yaranacaq. Bu günə qədər islamçıların tam olaraq Milli Şuradan imtina etməsindən sonra gözlənilir ki, indidə bitərəf ziyalılar Şuranı tərk etsinlər. Son nöqtəni isə yəqin ki, Müsavat partiyası qoyacaq.
Mehdi Əli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20