Bəzi inhisarçı məmurların bahalaşma hazırlığı
17:20 25-07-2013
İQTİSADİYYAT
Bəzi inhisarçı məmurların bahalaşma hazırlığı
Onların maaş və pensiyaların artırılmasından sonra vətəndaşlara hansı sürprizləri var?
Yaxın vaxtlarda maaş və pensiyaların artacağı barədə yayılan xəbərlər artıq rəsmi təsdiqini də tapmaqdadır. Belə ki, bir müddət əvvəl Nazirlər Kabinetinin cari ilin 6 ayının sosial-iqtisadi inkişafına dair müşavirəsində çıxış edən prezident də əhaliyə tezliklə maaş və pensiyaların artırılacağı müjdəsini verib.
Heç şübhəsiz ki, bu xəbər cəmiyyətdə böyük ruh yüksəkliyi və sevinclə qarşılanıb. Əksər iqtisadi ekspertlər də dünyada ciddi iqtisadi və maliyyə böhranının mövcud olduğu bir vaxtda Azərbaycanda maaş və pensiyaların artırılmasını müsbət hal kimi qiymətləndirirlər. Bununla belə, narahatlıqlar da var. Həmin narahatlıqlar isə gözlənilən maaş və pensiya artımından sonra gözlənilən qiymət artımıdır.
Belə ki, bəzi inhisarçı məmurlar hələ ilin əvvəlindən maaş və pensiyaların artırılmasını dörd gözlə gözləyirlər. Onlar artım qərarlarından sonra çeşidli məhsulların qiymətini göz-gxörəti bahalaşdıraraq "qaz vurub qazan doldurmaq" istəyirlər.
Ekspertlər də qeyd edirlər ki, Azərbaycanda əhalinin aztəminatlı təbəqəsinin güzəranına iqtisadi proseslərin məntiqindən doğan inflyasiya yox, süni qiymət artımı ucbatından yaranan inflyasiya daha çox xələl gətirir. Çünki inflyasiyanın yarısından azı ölkədaxili iqtisadi proseslərin məntiqindən doğan və "xaricdən gətirilən malların üstündə gələn" inflyasiya, yarıdan çoxu isə süni qiymət artımı ucbatından yaranan inflyasiyadır. Neçə illərin acı təcrübəsi göstərir ki, hökumət nümayəndələrinin maaşların artacağı barədə məlumat verdiyi günün səhəri, işbazlar qiymətləri süni şəkildə artırmağa başlayırlar. Qiymətlərin süni surətdə artırılmasının hər faizi Azərbaycan vətəndaşlarının ailə büdcəsinə 170 milyon manatdan artıq ziyan vurur. Süni qiymət artımının cəmi 3 faizi isə əhalidən 500 milyon manatdan çox vəsaitin insafsızcasına qoparılması deməkdir. Ona görə də əgər kimsə kiminsə cibindən 5-10 manat pul oğurlayan zaman, ona bir necə il həbs cəzası verilirsə, süni qiymət artımı ilə məşğul olub, əhalinin çibindən hər il milyard manatlarla pul çıxaran mütəşəkkil cinayətkarlar da öz cəzasına çatmalıdırlar.
Aydın məsələdir ki, əhalinin yoxsul təbəqəsi bu cür süni qiymət artımından daha çox əziyyət çəkir. Odur ki, ilin əvvəlindən maaşların artımını gözləyənərin haqqını süni qiymət artımı hesabına mənimsəməyə hazırlaşanların nəzərinə bu müqəddəs Ramazan ayında çatdırmaq istəyirik ki, bu cür qazanc haramdır və ondan xeyir tapmaq olmaz. Digər tərəfdən sivil ticarətdə baha qiymətə satmaqla yox, ədalətli qiymətə çox mal satmaqla daha çox qazanmaq olur.
Və ən əsası: seçki ilində maaş və pensiyaların artırılmasından sui-istifadə edərək qiymətləri bahalaşdırmağa cəhd etmək faktiki olaraq hökumətə qarşı yeni narazılar yaratmaq deməkdir. Seçki ili kimi həssas bir dönəmdə belə narazıların yaranmasına səbəb olmaq isə hökuməti sabotaj səyindən başqa heç bir anlama gəlmir. Hansı ki, sonradan bunun cəzası çox ağır ola bilər.
Odur ki, bəzi inhisarçı məmurlara süni bahalaşdırma planları qurarkən ehtiyatlı olmalarını məsləhət görürük. Əks halda nəinki bizneslərini, hətta vəzifələrini də itirə bilərlər.
Günel Əkbər
Digər Xəbərlər
2024-11-23 10:23:10
2024-11-23 09:20:52
2024-11-22 17:08:05
2024-11-22 15:49:00
2024-11-22 12:25:59
2024-11-22 09:54:31
2024-11-22 09:26:38
2024-11-22 09:16:02
2024-11-21 17:16:35
2024-11-21 15:14:08
2024-11-21 14:07:34
2024-11-21 13:54:25
2024-11-21 13:38:35
2024-11-21 13:32:12
2024-11-21 13:21:00
2024-11-21 13:06:53
2024-11-21 11:57:20
2024-11-21 11:46:13