"Ailə həkimi institutu yaradılıb və 2020-ci ildən etibarən Tibb Universitetində ailə həkimi rezidentura ixtisası üzrə qəbul həyata keçirilir. Hazırkı vaxta qədər 30 nəfər bu proqram üzrə imtahandan keçib, tədris üçün qəbul olunub. Cəmi 5 nəfər bu proqramı yekunlaşdırıb. Bu say Azərbaycanda ilkin səhiyyə xidmətində ailə həkiminə olan tələbatı ödəmir. Ailə həkimi sahəsində çalışmaq imkanı olan terapevtlərimiz, pediatrlarımız var. Gənc həkimlərimizin regionlarda çalışmaları üçün sosial dəstəyə ehtiyac var".
"Unikal" xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin iclasında "İlkin səhiyyə xidməti: mövcud vəziyyət, görülən işlər, problemlər və onların həlli yolları” mövzusunda ictimai dinləmədə Səhiyyə Nazirliyinin Tibb müəssisələrinin Akkreditasiyası və keyfiyyətə nəzarət Mərkəzi PHŞ-ın İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Şərafət İsmayılova deyib.
"Regionlarda təqaüd yaşına çatmış tibb personalının, xüsusilə həkimlərin xüsusi kurs keçəndən sonra regionlarda ailə həkimi kimi fəaliyyət göstərməsi icazənin verilməsini təklif edirik", - deyə Ş.İsmayılova bildirib.
O, regionlarda çalışan gənc həkimlər üçün sosial təminat paketinin genişlənməsi istiqamətində addımların atılmasını təklif edib.
Anar Kəlbiyev