Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Şərur rayon Yengicə kəndində ot bağlamalarında, Sədərək rayon Sədərək kəndində yardımçı tikilidə yanğın hadisələrinin baş verməsi barədə məlumatlar daxil olub.
Nazirliyin mətbuat xidmətindən "Unikal"a bildirilib ki, məlumatla əlaqədar dərhal Şərur və Sədərək Rayon Dövlət Yanğından Mühafizə Hissələrinin qüvvələri hadisə yerlərinə cəlb olunub. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində baş vermiş yanğınlar genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində Yengicə kəndində təxminən 3800 kiloqram ot bağlaması yanıb, 1600 kiloqram ot bağlaması isə yanğından mühafizə edilib. Sədərək kəndində isə yardımçı tikilinin 16 kvadratmetr tavan hissəsi yanıb, 19 kvadratmetr hissəsi yanğından mühafizə olunub.