Hafiz Məmmədovun bankına sərt ittiham
22:51 27-07-2013
İQTİSADİYYAT
Hafiz Məmmədovun bankına sərt ittiham
"Bank of Baku" kreditləri dollarla verməsindən qazanır, müştəri isə itirir
Son vaxtlar Azərbaycanın bank sektoru özünəməxsus praktikanı tətbiq etməkdə davam edir. Xüsusən, kredit siyasətində bankların yalnız öz mənafelərin güdməsi bəzi hallarda əhalinin müflisləşməsinə gətirib çıxarır. Azərbaycanda kifayət qədər bank və kredit təşkilatlarının olmasına baxmayaraq etiraf edilməlidir ki, dünya ölkələri içərisində ən yüksək faizlə kredit bizim ölkəmizdə verilir.
Bu azmış kimi faiz dərəcələri, kredit müddəti və komissyon haqlarını artırmaq, müxtəlif kartların verilməsilə müştəriləri müflisləşdirmə siyasəti aparılır. Bununla kifayətlənməyən banklar yalançı cəzbedici reklamlarla müştəriləri aldatmaqla məşğuldurlar. Bütün günü "yalnız şəxsiyyət vəsiqəsilə kredit" elanı qulaqlarımızı dəng etsə də reallıqda 8-10 sənədlə kredit almaq müşkül məsələyə çevrilib. İş və yaşayış yerləri haqqında arayışların, zamin şəxslər barədə lüzumsuz sənədlərin hazırlanması üçün uzun bir mərhələni keçmək tələb olunur. Maraqlı məqam isə ondan ibarətdir ki, bir sıra banklar hətta müştərilərə milli valyuta ilə kredit verməkdən çəkinir. Oxucu redaksiyamıza müraciət edərək bildirib ki, "Bank of Baku" bankına bir illiyə min manat kredit üçün müraciət edib (olaylar.az). Tələb olunan sənədləri təqdim etdikdə isə ona bildirilib ki, krediti yalnız dollarla əldə edə bilər. Müştəri krediti manatla götürmək istədiyini bildirdikdə ona bankın şərtlərini izah ediblər: "Mənə bildirdilər ki, iki min manata qədər krediti dollarla, ondan yuxarı məbləğləri isə manatla verə bilərlər. Mənə bir il müddətinə min dörd yüz dollar təklif etdilər ki, bu da təxminən səkkiz yüz manata bərabərdir. Min manat almaq üçün isə min yeddi yüz doxsan dörd (1794) dollar, özü də iki il müddətinə verdilər. Deməli, bank min manat kredit üçün iki il şərt qoyur". Oxucu onu da bildirir ki, kreditin dollarla verilməsinə etiraz etdikdə rəhbərlikdə təmsil olunan şəxs bildirib ki, bu qayda onların bank şərtlərini təşkil edir. Bununla razılaşmayan müştəri kredit götürməkdən imtina edə bilər. Maraqlıdır, belə kredit şərtlərinin arxasında hansı gizli məqamlar dayanır? Bu məsələdə Bankın qazancı, müştərinin itirəcəyi nədən ibarətdir? İqtisadçı ekspertlər bildirirlər ki, banklar krediti dollarla verdikdə valyutaların çevrilməsi nəticəsində onların qazancı daha da artır. Burada əsas məsələ bu prosesin Azərbaycan qanunvericiliyinə uyğun olub-olmamasıdır. Məlum olduğu kimi istehlak kreditləri milli valyuta ilə verilməlidir. Çünki istehlak krediti ölkədə istifadə edilmək, yaxud istehlak malları əldə etmək üçün götürlür. Belə halda bankın xarici valyuta ilə borc verməsi anlaşılmazdır. Bu qayda milli qanunvericiliyin fəlsəfəsinə ziddir. Məlumata görə, kreditlərin iki ilə verilməsi isə ikiqat komissiyon haqqının əldə edilməsinə hesablanıb. Göründüyü kimi ölkədə fəaliyyət göstərən bankların bir çoxu beynəlxalq standartlar çərçivəsində fəaliyyətlərini qurmaq əvəzinə hələ də müştəriləri aldatmaq yolu ilə varlanmağa çalışır. Xatırladaq ki, yazıda haqqında danışılan "Bank of Baku" tanınmış iş adamlarından "Hafka" ləqəbli Hafiz Məmmədova məxsusdur. "Baghlan Group" prezidentinin adıçəkilən bankı satın aldığı barədə məlumatlar təxminən bir il əvvəl yayılıb və çox keçmədən təsdiqlənib. Bundan sonra isə adı o vaxtadək mətbuatda bir o qədər hallanmayan bankla bağlı tənqidi materiallar artmağa başlayıb. Məsələn bir müddət əvvəl publika.az saytının araşdırmasında deyilirdi ki, Azərbaycanda taksit kart sistemi sahəsində bazarda monopoliya yaradan "Bank of Baku" təkcə müştərilərin cibinə girmir, eləcə də nağdsız ödəniş sisteminin inkişafına, gizli iqtisadiyyatın (alış-veriş plastik kartı ilə həyata keçirildikdə qarşı tərəf məcbur olaraq qəbz verir) qarşısının alınmasına mane olur. Belə ki, kartla ödəmənin "zəncirləmə" üstünlükləri var. Plastik kartdan istifadə - nağdsız ödənişlərin artması dövlətin pul çapına xərcini azaltmasına səbəb olur, inflyasiyanın qarşısını alır, eləcə də ticarəti canlandırır. Kredit kartları ilə bonus, kredit və digər kampaniyaların tətbiqi satışların artmasına səbəb olur. Xüsusilə, faiz olmadıqda qərarsız müştərilərin alış-veriş qərarını tezləşdirir. Hafiz Məmmədovun "Bank of Baku"nın sahibi olmasından (hazırda iş adamı bankın səhmlərinin 80 faizinə sahibdir) sonra adıçəkilən bank ətrafında çeşidli şübhələrin yaranması, tənqid və şikayətlərin artması isə əlbəttə ki, maraq doğurur. Belə düşünməyə əsas yaradır ki, bank əl dəyişdirdikdən sonra orada müəyyən qaranlıq əməliyyatlar reallaşmaqdadır. Yoxsa od olmayan yerdən niyə bu qədər tüstü çıxmalıdır?!
Günel Əkbər
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20