İranlı general dünyaya meydan oxudu
21:40 30-07-2013
İQTİSADİYYAT
İranlı general dünyaya meydan oxudu
Hava Hücumundan Müdafiə Qərargahının komandanı: "Heç bir təyyarə və ya canlıya hava məkanımıza icazəsiz daxil olmağa imkan vermərik"
"Heç bir təyyarə və ya canlının icazəsiz İranın hava məkanına daxil olmasına imkan vermərik". "Fars" xəbər agentliyinin məlumatına görə, bu fikirləri İranın "Xatəmul Ənbiya" Hava Hücumundan Müdafiə Qərargahının komandanı, general-polkovnik Fərzad İsmaili bildirib.
Onun sözlərinə görə, İranın hava hücumundan müdafiə qüvvələri əvvəlkindən daha güclüdür: "Qüvvələrimiz ölkənin 3600 nöqtəsini nəzarət altında saxlamaqla heç bir təyyarə və ya canlının hava məkanımıza icazəsiz daxil olmasına imkan vermir. Bu sahədə mədəni və təhlükəsizlik təhsili verilməsi personalın düşmən qarşısında daha güclü olmasına səbəb olur".
"ABŞ-ın İran xalqına qarşı düşməncə davranışları və ikili standartlardan çıxış etməsi ölkələrimiz arasında etimad mühitinin meydana gəlməsinə maneə törədir". Bunu isə İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının sözçüsü Seyid Hüseyn Nəqəvi Hüseyni bildirib.
Onun sözlərinə görə, ABŞ Konqresi və rəsmilərinin son cəhdləri, İrana qarşı sanksiyaların sərtləşdirilməsini nəzərdə tutan qanunun təxirə salınması və bəzi konqresmenlərin İranla müzakirələrə başlanması ilə bağlı yazdıqları məktub müsbət addım olsa da, kafi deyil.
H. Nəqəvi ABŞ-ın İrana qarşı düşməncə davranışları barədə də danışıb: "İran İslam inqilabına zərbə vurmaq məqsədilə Pəhləvi xanədanı, terrorçu qruplara və xalq mücahidlərinə dəstək vermək, Səddam Hüseyn rejiminə dəstək verərək ona maliyyə və silah yardımı göstərmək, İran sərnişin təyyarəsinə Fars körfəzi səmalarında vuraraq müdafiəsiz sərnişinləri qətl etmək, bir çox təzyiq və iqtisadi sanksiyalar ABŞ-ın düşməncə siyasətləri və davranışları sayılır".
Sözçü deyib ki, bir neçə kiçik cəhd İran ictimaiyyətinin ABŞ-a qarşı zehniyyətini dəyişdirməyəcək: "Xüsusilə də ikili standartlardan çıxış etməsi səbəbindən amerikalı rəsmilərin sözləri və cəhdlərinin dəyəri yoxdur. Bəzi açıqlamalarda amerikalı səlahiyyətlilərin İranla müzakirə aparmaq niyyətində olduğu irəli sürülür, ancaq praktikada İrana qarşı düşməncə siyasətin izlənildiyi görülməkdədir".
İyulun 31-də isə ABŞ Nümayəndələr Palatasında İranın neft ixracının daha da məhdudlaşdırılmasını nəzərdə tutan yeni sanksiya layihəsi səsə qoyulacaq. "Reuters" agentliyinin məlumatına görə, yeni sanksiya 1 il ərzində İranın neft ixracının 1 milyon barel azaltmağı hədəf alıb. Xəbərdə bildirilir ki, layihə ABŞ Nümayəndələr Palatasında asanlıqla qəbul edilə bilər. Ancaq bununla belə, ABŞ Senatının qanun layihəsini təsdiqləməsi ehtimalı azdır. Məlumatda həmçinin deyilir ki, ABŞ Senatının bank komitəsi sentyabr ayında oxşar layihəni nəzərdən keçirə və daha sonra səsverməyə çıxara bilər.
Bu arada İran prezidenti Mahmud Əhmədinejad Holokostu növbəti dəfə inkar edib. M. Əhmədinejad İran dövlət televiziyası (İRİB) ilə çıxışı zamanı 8 illik prezidentlik fəaliyyətini qiymətləndirərkən bildirib ki, dünyada mövcud olan 400 illik nizam birtərəflidir: "Aparılan ətraflı araşdırmalar zamanı bu quruluşun əlaqə halqasının Allah və din olmadığını, sionist oxunda toplandığını gördük. Müstəmləkəçilik və kapitalizmin yeganə müqəddəs nümunəsi isə sionizmdir".
Onun sözlərinə görə, İran müharibə tərəfdarı deyil: "İran öz işlərini xalqdan ilham alaraq görür. Bu mövzu iki sualı gündəmə gətirir. Birincisi, nə üçün Holokost mövzusunda araşdırma aparılmasına icazə vermirlər? İkincisi, əgər Holokost olubsa, harada baş verib? Sionizmin müqəddəs sayıldığı ölkələrin heç biri bu suallara cavab verə bilmir, cavab verməyə çalışanların da səsi kəsilir".
M. Əhmədinejad hazırda İranda 12 minə yaxın aktiv sentrifuqun olduğunu, daha 5 min sentrifuqun isə istehsala hazırlandığını deyib.
Dünən o da məlum olub ki, Azərbaycan türkləri iyulun 28-də İranın İsveçdəki səfirliyinin qarşısında etiraz aksiyası keçiriblər. Güney Azərbaycan Demokrat Partiyası (GADP) və Azərbaycan Öyrənci Hərəkatının (AZOH) təşkilatçılığı ilə baş tutan piket 17 gündür aclıq aksiyası keçirən və hazırda Kərəcin Rəcayişəhr həbsxanasında saxlanılan Yeni GAMOH təşkilatının üzvlərinə - doktor Lətif Həsəni, Yürüş (Ayət) Mehrəlibəyli, Mahmud Fəzli, Savalan (Səccad) Radmehr, Behbud Quluzadəyə dəstək məqsədi daşıyıb.
Üç saat davam edən aksiyada İran əleyhinə müxtəlif siyasi şüarlar səsləndirilib, azərbaycanlı siyasi məhbusların azadlığa buraxılması, azərbaycanlı fəallara qarşı təqiblərə, təzyiqlərə, qeyri-qanuni həbslərə və məhkəmə hökmlərinə son verilməsi, Urmiya gölündəki ekoloji fəlakətin aradan qaldırılması üçün ciddi tədbirlər görülməsi tələb edilib. Piket dinc şəraitdə keçirilib və İsveç polisi aksiyaya heç bir müdaxilə etməyib. Piket qətnamənin oxunması ilə başa çatıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları mühəndis Mahmud Fəzlini 2012-ci il dekabrın 31-də Təbriz şəhərində, Ayət Mehrəlibəylini 2013-cü il yanvarın 9-da Təbrizdə, doktor Lətif Həsənini fevralın 6-da Kərəc şəhərində, mühəndis Şəhram Radmehri fevralın 6-da Meşkinşəhr (Xiyav) şəhərində və Behbud Quluzadəni fevralın 16-da Qoşaçay (Miyandab) şəhərində həbs edib. L. Həsəni Yeni GAMOH təşkilatının sədri, digərləri isə həmin qurumun Mərkəzi Komitəsinin üzvləridirlər. Təbriz İnqilab Məhkəməsi azərbaycanlı fəalları hakimiyyət əleyhinə təbliğat aparmaq və qanunsuz təşkilat yaratmaqda günahlandıraraq onların ümumilikdə 45 il müddətinə azadlıqdan məhrum edilmələri barədə qərar qəbul edib. Qərar Şərqi Azərbaycan vilayətinin Apelyasiya Məhkəməsi tərəfindən də təsdiqlənib.
Azərbaycanlı fəallar isə barələrində çıxarılmış hökmü ədalətsiz hesab edərək aclıq aksiyası keçirirlər. Ancaq onların tələbləri yerinə yetirilməyib, əvəzində iyulun 20-də yerləri dəyişdirilib.
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20