Ermənistan vətəndaşı olan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri və digər ağır cinayətlərdə təqsirləndirilən Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclası fevralın 25-də davam etdirilib.

"Unikal" xəbər verir ki, dövlət ittihamını müdafiə edən prokurorlar Vüsal Əliyev və Fuad Musayev vəsatətə münasibət bildirərək qeyd ediblər ki, eyni məzmunlu vəsatətə əvvəlki məhkəmə proseslərində baxılaraq müvafiq qərar qəbul olunub. Habelə Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində hakimə etirazın konkret hallarının müəyyən edilməsinə və həmin etirazın əsaslandırılmasının zəruri olmasına dair tələblər təkrarən xatırladılıb.

Vəsatətdə qeyd edilən məsələlərə dair konkret əsasların müəyyən olunmadığını bildirən prokurorlar etirazın baxılmamış saxlanılmasını xahiş ediblər.

Bundan sonra məhkəmə etiraza baxmaq üçün müşavirəyə gedib. Müşavirədən sonra elan edilən qərara əsasən, etiraz baxılmamış saxlanılıb.

Daha sonra Baş prokurorun böyük köməkçisi Vüsal Əliyev məhkəmə istintaqında sübutların tədqiq edilmə ardıcıllığına dair ittiham tərəfinin təklifini səsləndirib.

Təqsirləndirilən şəxs R.Vardanyan və onun müdafiəçisi Avraam Berman sübutların tədqiq olunma ardıcıllığına dair hər hansı təklif irəli sürməyiblər.

Bundan sonra R.Vardanyan aclıq aksiyası keçirdiyinə görə özünü yaxşı hiss etmədiyini söyləyib. Hakim təqsirləndirilən şəxsin həkim müayinəsindən keçməsi üçün fasilə elan edib.

Fasilədən sonra məhkəmə iclasına sədrlik edən hakim Zeynal Ağayev cinayət prosesinin tərəflərinə məhkəmə istintaqında sübutların tədqiq edilmə qaydasını izah edib.

Ardınca təqsirləndirilən şəxsə sərbəst ifadə vermək təklif olunub, lakin o, ifadə verməkdən imtina edib.