Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Xocalı faciəsinin 33-cü ildönümünə həsr olunmuş “Xocalı soyqırımı - bəşər tarixinin ən qanlı cinayətlərindən biri” mövzusunda dəyirmi masa keçirilib.
"Unikal" xəbər verir ki, əvvəlcə Ulu Öndər Heydər Əliyevin, Xocalı qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Sonra Xocalı faciəsindən bəhs edən videoçarx nümayiş olunub.
Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri Qafar Əliyev fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən dinc azərbaycanlılara qarşı xüsusi amansızlıq və qəddarlıqla Xocalı soyqırımının törədildiyini, bir gecədə 613 nəfərin qətlə yetirildiyini deyib. O, Xocalı faicəsinin bəşər tarixinə ən qanlı səhifələrdən biri kimi həkk olunduğunu və xalqımızın yaddaşından heç zaman silinməyəcəyini qeyd edib.
Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində misilsiz qəhrəmanlıq nümunələri göstərən ordumuz tərəfindən Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığı xüsusi diqqətə çatdırılıb.
Qaradağ Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşı Səmayə Şıxəliyeva, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin rayon şöbəsinin sədri Maqsud Heydərov, Ələt körpələr evi-uşaq bağçasının müəllimi Rəna Haqverdiyeva, “Qarabağ Qaziləri” İctimai Birliyinin rayon filialının sədr müavini Qafqaz Əhmədov, Qaradağ Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sevil Bədəlova, Lökbatan bələdiyyəsinin üzvü Misir Mahmudov, 233 saylı tam orta məktəbin direktor müavini Eşqəli Məmmədov, 6 saylı Uşaq Somatik Sanatoriyasının əməkdaşı Türkanə Əliyeva və başqaları Xocalı faciəsinin bütün insanlığa, bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayətlərdən biri olduğunu söyləyiblər.