Məmurların yeni monopoliya fəndi
21:02 01-08-2013
İQTİSADİYYAT
Məmurların yeni monopoliya fəndi
Artıq onlar öz inhisarlarını dövlət büdcəsinə "oturdurlar"
Hökumət taxıl ehtiyacını ödəmək üçün özəl sektoru təşviq etməkdənsə büdcə vəsaiti hesabına taxılçılıq təsərrüfatları yaratmağa üstünlük verib. Söhbət Ağcabədi və Beyləqanda yaradılan iri özəl taxılçılıq təsərrüfatlarından gedir.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə, Ağcabədi və Beyləqan rayonlarının ərazilərində 3300 və 1500 hektar olmaqla ümumilikdə 4800 hektar sahədə ilk özəl iri pilot taxılçılıq təsərrüfatı - "Qarabağ-Taxıl" MMC yaradılıb. Ərazidə iş büdcə vəsaiti hesabına görülüb: yeraltı qrunt sularının axıdılması və torpağın münbitliyinin artırılması məqsədilə kompleks meliorativ tədbirlər həyata keçirilib, ərazinin suvarma suyuna olan tələbatının ödənilməsi üçün Yuxarı Mil Kanalının davamı olaraq ümumi uzunluğu 10,7 kilometr olan beton örtüklü kanal, taxılçılıq təsərrüfatının elektrik enerjisi ilə təmin olunması üçün "Xocavənd" yarımstansiyasından yüksək gərginlikli elektrik xətti çəkilib.
İnvestisiya layihəsinin ümumi dəyəri 27,6 milyon manatdır. İqtisadi İnkişaf Nazirliyinin həyata keçirdiyi layihənin reallaşdırılmasına 10 milyon manat güzəştli kredit ayrılıb. Hökumət rəsmiləri bu təsərrüfatları ərzaq təhlükəsizliyini təmin etmək üçün yaradıldığını bildirirlər.
Ekspertləri narahat edən əsas məqamlardan biri dövlətin xüsusi dəstəyi olan bu tip təsərrüfatların xırda fermer təsərrüfatlarını sıradan çıxaracağıdır. Onlar hesab edirlər ki, dövlət büdcəsi hesabına böyük fermer təsərrüfatlarının yaradılması rəqabət mühitini pozacaq. Bazarda qeyri-bərabərlik, hətta bəzi fermerlərin tələbatında ayrı-seçkilik yaranacaq. Hökumət özü yaratdığı təsərrüfatları su, gübrə, anbarla təmin edəcək, digər fermerlərin isə bu imkanları məhduddur. Xüsusi dövlət dəstəyi olan bu təsərrüfatlar üstünlüklərdən yararlanıb həm bazarda qiyməti diktə edə, həm də ümumiyyətlə bu sahəni inhisara ala bilər. Belə olan halda kiçik fermerlər sıradan çıxacaq.
Ekspertlərin fikrincə, ümumiyyətlə, bu cür təsərrüfatlar ölkənin taxıla olan ehtiyacını ödəmək qabiliyyətində deyil. Bu o zaman mümkün olar ki, kiçik təsərrüfatlar birləşərək kooperasiyalar yaratsın. Büdcə pulu hesabına belə təsərrüfatların yaradılması kiçik təsərrüfatların birləşməsini təhlükə altına qoyur. Həm də belə iri təsərrüfatlara arxayın olmaq ərzaq təhlükəsizliyi baxımından risklidir. Ölkənin ərzağa olan tələbatını ödəməkdə etibarlı mexanizm olmalıdır. Bəlkə təbii fəlakət nəticəsində bu təsərrüfatlar dağıldı, digər fermerlər sıradan çıxandan sonra ərzağa olan tələbat necə təmin ediləcək?
Belə təsərrüfatlar dövlət büdcəsi hesabına deyil, xüsusi investorlar hesabına yaradılmalı idi. Həmçinin dövlət fondunda olan torpaqlardan istifadə edilməməlidir, çünki bu, gələcək nəsillərindir.
Bir sözlə görünən ondan ibarətdir ki, Azərbaycanda bəzi məmurlar artıq öz inhisarçı təsərrüfatlarını büdcəyə "oturtmağa" başlayıblar. Əvvəllər onlar öz nüfuzlarından, təsir imkanlarından yararlanaraq bazarda "tək əl"ə çevrilirdilərsə, indi həm də büdcə vəsaitləri hesabına monopoliyalarını genişləndirəcəklər.
Biz hələlik bu tendensiyanı taxılçılıqla bağlı müşahidə edirik. Amma ekspertlər düşünürlər ki, analoji təcrübə gələcəkdə daha da genişlənə bilər. Yəni xüsusilə aqrar sahədə ciddi üstünlüklər qazanmaq istəyən bəzi məmurlar özlərinin digər kənd təsərrüffatı projelərini də dövlət büdcəsinin üzərinə yükləyirlər. Hər halda belə olub-olmadığını zaman göstərəcək.
İndilikdə isə onu demək olar ki, bəzi məmurlar öz inhisarçı maraqlarını reallaşdırmağın yeni yolunu, fəndini tapıblar. Nə deyirik, bacarana baş qurban!
Azər Aslan
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40