"Dəfələrlə məsələ qaldırmışam ki, Azərbaycanda hakimlər ömürlük təyin olunsunlar".

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında“Konstitusiya Məhkəməsi haqqında” qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Qüdrət Həsənquliyev deyib.

"Əgər bizdə dövlət hakimiyyətinin həyata keçirilməsi konstitusiyamıza görə hakimiyyətlərin bölgü prinsipi əsasında həyata keçirlirsə, hesab edirəm ki, hakimlərə də yaş həddi təyin olunmamalıdır. Əgər hakimləri ömürlük təyin etmiriksə, heç olmasa bütün məhkəmə hakimləri üçün eyni yaş müəyyən olunmalıdır. Bundan başqa, məhkəmə hakimiyyətinin gücləndirilməsi istiqamətində qanunvericilikdə dəyişikliklər edirik. Hakimlərin vəzifədən kənarlaşdırılması ilə bağlı məsələyə yenidən baxılmalıdır. Hakimlərin intizam məsuliyyətinə cəlb etməklə onu vəzifəsindən kənarlaşdırmaq olmaz. Hakimiyyətin bütün qollarına münasibət eyni olmalıdır. Ali məhkəmə tərəfindən onların əməlinə qiymət verilərsə, bu halda onlar vəzifələrindən uzaqlaşdırıla bilər. Ədalətin təmin olunması həm də iqtisadiyyatın inkişafı deməkdir. Güclü məhkəmə hakimiyyəti mülkiyyət toxunulmazlığının təminatı deməkdir. Ona görə də bu istiqamətdə işləri davam etdirməliyik”,- deyə deputat bildirib.

Anar Kəlbiyev