Şagirdlərimiz proqramlaşdırma üzrə beynəlxalq müsabiqələrdə ölkəmizi uğurla təmsil etməyə davam edirlər.

"Unikal" xəbər verir ki, belə ki, 8-9 fevral 2025-ci il tarixlərində  Rumıniyada IX “Info1cup”  proqramlaşdırma müsabiqəsi keçirilib. 18 ölkədən 166 şagirdin qatıldığı müsabiqəyə məktəblilərimiz onlayn formatda qoşulublar.

Bakı şəhəri, 157 nömrəli tam orta məktəbin 10-cu sinif şagirdi Həsən Vəliyev qızıl medal qazanıb. Eyni zamanda, Bakı Türk Anadolu liseyinin 10-cu sinif şagirdi Əhməd Qəmbərli gümüş medala, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Rahidil Bayramlı isə bürünc medala layiq görülüblər.

Xatırladaq ki, 2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi “Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 90 medal qazanıblar.