Azərbaycanda Ramazan ayı başlayıb.
"Unikal" xəbər verir ki, bu gün on bir ayın sultanı - Ramazanın ilk gündür.
Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının Ramazan ayının başlaması münasibətilə fətvasında deyilir.
Fətvada deyilir ki, bu il Ramazan ayının 1-i miladi təqvimlə mart ayının 1-nə təsadüf edəcək.
Builki Ramazan Novruz günlərinə təsadüf edəcək:
"Şəri baxımdan belə əlamətdar günlərin üst-üstə düşməsi cəmiyyətdə bir çətinlik yaratmır, çünki İslamın təməl prinsiplərindən olan oruc ibadəti ilk növbədə Allahın əmridir. Ramazanda Quran oxumaq, elm-irfan və ibadətlə məşğul olmaq, iftar süfrələri açmaq, xeyriyyəçilik etmək, ehtiyaclı şəxslərə, kimsəsizlərə, uşaq evlərinə, ahıl və qocalara köməklik göstərmək, valideynlərin qayğısına qalmaq savab əməllərdəndir və bu ənənəvi əməllər mahiyyəti etibarı ilə Novruz adətləri ilə eynidir".
QMİ vurğulayıb ki, çərşənbələr daxil olmaqla Novruz bayramı gecəsində açılan süfrələr iftarın saatlarına uyğun olmalıdır.
Bildirilib ki, hər il olduğu kimi, bu il də Qafqaz Müsəlmanları İdarəsi mübarək Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvim tərtib edib.
"Əhalimizin və bütün kütləvi informasiya vasitələrinin məhz QMİ-nin təqviminə istinad etmələri tövsiyə olunur. İnşallah, Qafqaz Müsəlmanları İdarəsi Şamaxı Astrofizika Rəsədxanasının məlumatına əsaslanaraq Eydül-Fitr – Ramazan bayramının hilalın görünüşünə görə 30 Mart tarixinə təsadüf edəcəyini bildirir, müəyyən dəyişikliklər olacağı təqdirdə əlahiddə məlumat veriləcək".
Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni martın 18-nə təsadüf edəcək.
Bundan əlavə, Ramazan ayının 20-dən 21-nə keçən gecə (20 mart), Ramazan ayının 22-dən 23-nə keçən gecə (22 mart) və Ramazan ayının 26-dan 27-nə keçən gecə (26 mart) Qədr gecələri olacaq.
Qeyd edək ki, Ramazan ayı Azərbaycanda martın 1-də başlayacaq. Şəvval ayının 1-i, yəni martın 30-da Ramazan (Fitr) bayramı olacaq.