Qazaxıstanın Aktau şəhərindəki Ş. Yessenov adına Universitetin birinci vitse-prezidenti Kaiyrbek Makulov, Beynəlxalq əlaqələr və turizm kafedrasının müdiri Elvira Janqozhayeva və “Azərbaycan Mərkəzi”nin direktoru İlkin Orucov  Azərbaycan Turizm və Menecment Universitetində (ATMU) olublar.

"Unikal" xəbər verir ki, Qazaxıstanın nüfuzlu ali təhsil müəssisəsinin məsul təmsilçilərini ATMU-da salamlamaqdan məmnunluğunu bildirən rektor İlham Mədətov bu ziyarətin səmərəli olacağına inandığını bildirib.

Görüş çərçivəsində universitetlərarası akademik və elmi sahələrdə əlaqələrin genişləndirilməsi, tələbə-müəllim, təhsil və turizm sahəsində təcrübə mübadiləsinin əhəmiyyəti,  tədqiqatyönümlü layihələrin, o cümlədən innovativ proqramların perspektivliliyi, elmi konfrans və seminarların təşkili, universitet-sənaye  əməkdaşlığının möhkəmləndirilməsi  məsələlərindən bəhs olunub. 

Tədbirin sonunda Azərbaycan Turizm və Menecment Universiteti (ATMU) və Qazaxıstanın Ş.Yessenov adına Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Bu müqavilə iki ali təhsil müəssisəsinin fəaliyyət istiqamətində strateji tərəfdaşlığın gücləndirilməsinə və tədris prosesinin beynəlmiləşdirilməsinə zəmin yaradacaq.

ATMU-da baş tutan Ş.Yessenov adına Universitetin təmsilçiləri ilə görüşdə universitetin rektoru İlham Mədətov, Strateji inkişaf üzrə prorektor Araz Aslanlı, Elmi məsələlər üzrə prorektor İranə Əliyeva, Mehmanxana və restoran biznesi kafedrasının müdiri Novruz Quliyev və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Orxan Musa iştirak ediblər.