Vaşinqton Bakı ilə əlaqələrini gücləndirmək üçün İsrailin Azərbaycanla diplomatik və müdafiə sahəsində əməkdaşlığından dərs almalıdır. Azərbaycanla sıx əlaqələr Orta Asiya ölkələri arasında ABŞ-nin mövqeyini möhkəmləndirməyə kömək olar. Bu, ABŞ üçün xüsusilə vacibdir, çünki minerallar və enerji resursları ilə zəngin Orta Asiya Rusiyadan və İrandan yan keçən, Asiyadan Avropaya gedən ticarət yoluna – Orta Dəhlizə ev sahibliyi edir.
"Unikal" xəbər verir ki, bu barədə Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, siyasi şərhçi və jurnalist Reyçel Avraham ABŞ-nin tanınmış beyin mərkəzi “Atlantik Şura”ya (Atlantic Counsil) istinadən İsrailin populyar nəşri “Israil National News”da dərc olunmuş məqaləsində yazıb.
“Azərbaycan və “İbrahim razılaşması”nın genişlənməsi” başlıqlı məqalədə İsrailin baş naziri Benyamin Netanyahu ilə Azərbaycan Prezidenti İlham Əliyevin köməkçisi Hikmət Hacıyev arasında keçirilən son görüşə də toxunulub. İki ölkə arasında əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi, xüsusilə də Yaxın Şərqdə sülh və əməkdaşlıq platforması olan “İbrahim razılaşması”na Azərbaycanın qoşulması kimi məsələlərə dair müzakirələrin aparıldığı diqqətə çatdırılıb.
Azərbaycanın otuz il ərzində müsəlman dünyasında İsrailin ən etibarlı tərəfdaşı olduğunu qeyd edən müəllif ölkəmizin regional təhlükəsizlik arxitekturası üçün strateji əhəmiyyətini vurğulayıb. Yazıda İsrailin məşhur beyin mərkəzi “Begin-Sadat Strateji Araşdırmalar Mərkəzi”nin son araşdırmasına da istinad edilib: “İsrail və ABŞ-dəki İsrailyönlü qüvvələr inkişaf, investisiya və texnoloji əməkdaşlıq üzrə ABŞ-İsrail regional tərəfdaşlığına Azərbaycanın daxil edilməsini fəal şəkildə dəstəkləməlidir.”
Həmçinin qeyd olunub ki, 2020-ci ildə “İbrahim razılaşması” imzalanandan etibarən İsrail Mərakeş, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri ilə əməkdaşlıq edir. Yəhudi dövləti bu yaxınlarda müdafiə, süni intellekt və kibertəhlükəsizlik sahələrində Mərakeş və ABŞ ilə üçtərəfli əməkdaşlığa başlayıb. Məqsəd bu əməkdaşlığı İsraillə əlaqələri olan Körfəz ölkələrinə də genişləndirməkdir. Müəllif bu qənaətdədir ki, əgər İsrail müsəlman dünyası ilə “İbrahim razılaşması” çərçivəsində əməkdaşlığını Azərbaycanı da əhatə edəcək şəkildə genişləndirsə, bu, digər müsəlman ölkələrinin sözügedən təşəbbüsə münasibətini müsbət istiqamətdə dəyişdirəcək. Nəticə bölgədə sülh və sabitliyin bərqərar olmasına mühüm töhfə verəcək.
“Heç bir ölkə İsrail və yəhudi xalqı ilə unikal tarixi əlaqələrə malik müsəlman ölkəsi Azərbaycan qədər uyğun deyil ki, “İbrahim razılaşması”ndan irəli gələn əməkdaşlığa qoşulsun və onun Yaxın Şərq, Afrika və Asiyanın digər müsəlman ölkələrinə yayılması üçün səyləri birləşdirsin. “İbrahim razılaşması” genişləndikcə Azərbaycan İsrailə adıçəkilən bölgələrdəki müxtəlif oyunçularla əməkdaşlığı necə istiqamətləndirmək barədə məsləhətlər verə bilər. Unutmaq olmaz ki, Azərbaycan diplomatik baxımdan mürəkkəb dövrlərdə belə həmişə İsrailə loyal münasibət sərgiləyib”, - sonda müəllif qeyd edib.
Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:
https://www.israelnationalnews.com/news/404924