Səfər Əbiyevə qarşı yeni təzyiq dalğası başladı
23:16 14-08-2013
İQTİSADİYYAT
Səfər Əbiyevə qarşı yeni təzyiq dalğası başladı
Müdafiə Nazirliyində həbs aparıldı, nazirə qarşı mitinq qərarı verildi
Müdafiə naziri Səfər Əbiyev yenidən ictimai qınaq hədəfinə gətirilir. Bu ilin əvvəlinədək xüsusi ilə əsgər ölümlərinə və ordudakı korrupsiya hallarına görə sərt tənqidlərlə üzləşən nazirə qarşı gizli və aşkar təzyiqlər bir neçə ay idi səngimişdi.
Amma son günlər Əbiyevə qarşı ictimai təzyiqlərin və ittihamların yenidən intensivləşməyə başladığı hiss olunur. Bunu dünən gün ərzində yayılan iki xəbər də təsdiqləyir. Xəbərlərin birində qeyd edilir ki, Ehtiyatda və İstefada Olan Zabitlər İctimai Birliyi avqustun 13-də Müdafiə Nazirliyinin məhkəmə qətnamələrini icra etməməsi problemlərinə həsr olunmuş mətbuat konfransı keçirilib. İctimai birliyin sədri Yaşar Cəfərli deyib ki, bu gün üçün icrası təmin olunmamış 14 məhkəmə qətnaməsi var: "Məhkəmə qətnamələri arasında istifadə edilməyən məzuniyyət əvəzinə pul kompensasiyasının ödənilməsi ilə bağlı məsələlər çoxluq təşkil edir". Tədbirdə bəyan olunub ki, müdafiə naziri Səfər Əbiyev hərbçilərin və onların ailələrinin hüquqlarını pozan, onlara küllü miqdarda maddi ziyan vurulması ilə nəticələnən qərarlar qəbul edib və Azərbaycan Respublikası Konstitusiyanın, qüvvədə olan digər qanunların tələblərinə zidd əmrlər imzalayıb. Narazı zabitlər ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, Türkiyə, Polşa, Rumıniya səfirlikləri, ATƏT-in Bakı ofisi, Avropa Birliyinin nümayəndəliyi, AŞPA-nın Bakı ofisi qarşısında etiraz aksiyaları keçirmək qərarı verib.
Əlbəttə, ehtiyatda və istefada olan zabitlərin müdafiə nazirinə qarşı tənqid və ittihamlarının mahiyyəti anlaşılandır. Üstəlik, həmin tənqid və ittihamların yetərincə ciddi, hüquqi dəlillərlə əsaslandırılması da onlarda gerçəklik payının yüksək olduğuna şübhə yeri qoymur. Bu cür addımları hakimiyyət daxilindəki anti-Əbiyevçi güclərlə əlaqələndirmək isə məntiqdən və həqiqətdən tam uzaq olardı. Amma istənilən halda müdafiə naziri ilə çəkişən iqtidardaxili qrupların nazirə qarşı belə açıq savaşlardan məmnun qaldığını ehtimal etmək çətin deyil.
Dünənki bir başqa xəbərdə isə bildirilirdi ki, Müdafiə Nazirliyinə məxsus daha bir hərbi hissədə baş vermiş yeyinti faktı aşkarlanıb. Belə ki, nazirliyin N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisinin köməkçisi, kapitan Musayev Ceyhun Ələddin oğlu hərbi hissənin maliyyə xidmətinin rəisi, polkovnik-leytenant Papaxov Musa Şəhmir oğlu ilə qabaqcadan əlbir olaraq 87186,79 manat vəsaiti mənimsəyib.
Qulluq mövqeyindən istifadə edərək külli miqdarda vəsaiti mənimsəyən bu şəxslərin əməlləri 2010-cu ilin fevralından 2011-ci ilin aprel ayına qədər olan dövrü əhatə edib.
Yeyinti faktı Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətini mütəxəssisləri tərəfindən hərbi hissədə 2009-2011-ci ilədək olan dövrdə dövlət büdcəsindən ayrılan vəsaitin təyinatı üzrə yoxlanması zamanı aşkarlanıb. Faktla bağlı aparılan istintaq zamanı məlum olub ki, hərbi hissənin 2009-2011-ci illəri əhatə edən rəsmi maliyyə sənədləri oğurlanaraq 2011-ci il sentyabrın 3-də Bakıda yandırılmaqla məhv edilib. Məqsəd dövlət vəsaitini talama cinayətini ört-basdır etmək olub.
Bu il iyulun 4-də Musayev Ceyhun Ələddin oğluna Cinayət Məcəlləsinin 179.3.2, 313 və 326.1-ci maddələri üzrə ittiham elan edilib.
Hərbi hissənin maliyyə xidmətinin rəisi Papaxov Musa Şəhmir oğluna isə CM-nin 179.3.2 və 313-cü maddələri üzrə ittiham elan edilib və barəsində 3 ay müddətinə həbs qətiimkan tədbiri seçilib. Hər iki şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitinin öz adlarına olan bank hesablarında yerləşdirdiyi güman edilib. Buna görə də gələcəkdə ola biləcək xüsusi müsadirənin təmin edilməsi üçün ölkə ərazisində fəaliyyət göstərən bütün banklarda onların adına olan hesabların vəziyyəti və maliyyə əməliyyatlarına dair məlumatlar yoxlanlır.
"Unikal" olaraq xatırladaq ki, bir müddət əvvəl Müdafiə Nazirliyinin Yevlaxda yerləşən N saylı hərbi hissəsinin maliyyə xidmətinin rəisi, kapitan Rafiz Hüseynov və onun köməkçisi, kapitan Zaur Əliyevin də hərbi hissəyə məxsus 62 min manatı mənimsəməsi barədə məlumat yayılmışdı.
Görünən odur ki, seçki yaxınlaşdıqca Səfər Əbiyev qarşı təzyiqlər də artacaq. Bəzi ekspertlər belə güman edir ki, bu, daha çox seçkidən sonera formalaşacaq yeni hökumət kabinetində Əbiyevin yer almasını önləməyə hesablanıb. Naziri hədəfə gətirməklə daha da zəiflətməyi planlayan anti-Əbiyevçi güclər onun müdafiə naziri postundan bu yolla uzaqlaşdırılacağına ümid edirlər.
Həmin ümidin doğrulub-doğrulmiayacağını isə ən geci noyabr ayında görəcəyik.
Günel Əkbər
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40