Ermənistan sınaq qarşısında
23:20 14-08-2013
İQTİSADİYYAT
Ermənistan sınaq qarşısında
Əhalinin mövcud rejimə qarşı etirazları səngimək bilmir
Həyata keçirdiyi işğalçılıq siyasəti üzündən regionda özünü təcrid vəziyyətinə salan Ermənistan istər sosial-iqtisadi, istərsə də siyasi sferada getdikcə daha böyük problemlərlə qarşı-qarşıya qalmaqdadır. Erməni iqtisadçılar belə hesab edirlər ki, ölkədə xarici borcun və onun qaytarılması üçün dövlət büdcəsindən ayrılan vəsaitin ildən-ilə artması Ermənistana kənar siyasi təzyiqlərin də güclənməsinə münbit şərait yaradır. Onların sözlərinə görə, vəziyyət faciəvi bir həddə çatıb.
Ermənistan mətbuatı yazır ki, paytaxtda köhnə binalar, sovet dövründən qalma avtomobillər ölkədə yaşayış səviyyəsinin aşağı olduğunu göstərir. Digər tərəfdən qiymət artımlarına etirazlar da bu fonda getdikcə güclənir. Xüsusən də ictimai nəqliyyatda gediş haqlarının artması narazılıqla qarşılanmaqdadır.
Xatırladaq ki, ölkədə ictimai nəqliyyatın bahalaşmasına etiraz olaraq Yerevan meriyasının qarşısında oturaq aksiya keçirilir. Gənc fəallar artıq üç həftəyə yaxındır ki, şəhər rəhbərliyinin ictimai nəqliyyatda gediş haqlarını qaldırmasına qarşı etiraz aksiyalarını davam etdirirlər. Güclü ictimai etirazlar təşkil edildiyindən meriya onun icrasını bir müddət dondurmağa qərar verib. Amma gənc fəallar meriyanın qarşısında aksiyalarına ara vermirlər.
Ermənistan polisinin Yerevan meriyasının qarşısında keçirilən oturaq aksiyaya sərt müdaxilə etməsi isə işğalçı ölkədə böyük etirazla qarşılanıb. Polisin gəncləri meriyanın binasından uzaqlaşdırmaq cəhdi tərəflər arasında mübahisələrə səbəb olub. Gənclər meriyanın qarşısında yolu kəsməyə çalışıblar. Lakin insan haqlarının kobud şəkildə pozulduğu Ermənistanda aksiyaçılar polislər tərəfindən döyülərək bölməyə aparılıblar. Yaşanmış bu hadisələrdən sonra belə bir fikir formalaşıb ki, əslində bütün bu aksiyalar ölkədə ağır sosial-iqtisadi duruma qarşı yönəlik olan etiraz aksiyasıdır.
Bu gün Ermənistanda həyata keçirilən siyasət əhalinin böyük əksəriyyətinin faktiki olaraq aclıqla üzləşməsinə gətirib çıxarıb. İndi reallıqda ölkə əhalisinin yarısından çoxu aclıq problemi ilə üz-üzə qalıb. Gündən-günə artan bahalaşma, əksər müəssisələrdə çalışan vətəndaşların maaşlarının vaxtında ödənilməməsi və s. kimi amillər aclıq probleminin yaranmasına gətirib çıxarmaqla yanaşı, intihar hallarının artmasına da səbəb olur. Belə hallardan biri ötən gün qeydə alınıb. Yerevanın Şenqavit rayonu ərazisində yaşayan iki uşaq anası mənzilində özünü asıb. Polis bölməsindən verilən məlumata görə, mənzilə baxış zamanı oradan borc sahiblərinin siyahısı tapılıb.
Hadisələrin bu səpkidə cərəyan etdiyi bir vaxtda Ermənistanda daha bir məhsulun qiyməti qaldırılıb. Belə ki, çörəyin və un məmulatlarının qiyməti 9,2 faiz bahalaşıb. Müxalifət isə mətbuata verdiyi açıqlamalarda bildirir ki, əslində ərzaq məhsullarının qiymət artımı rəsmi rəqəmlərdə ifadə edildiyindən bir neçə dəfə artıqdır. Ərzaq məhsullarının qiymətində yaşanan bahalaşma Milli Statistika İdarəsinin açıqladığı rəqəmlərdən ən azı 2-3 dəfə çoxdur.
Xatırladaq ki, prezident seçkiləri ərəfəsində Ermənistanın "Hayatsk" qəzeti bu barədə məqalə dərc etmişdi. Məqalədə qeyd olunmuşdu ki, iyun ayından etibarən ölkədə ərzaqların qiymətində bahalaşma olacaq: "Prezident seçkilərindən sonra ölkə iqtidarı bahalaşmanın qarşısını almaq üçün bütün imkanlardan istifadə etdi. Lakin iyun ayının ortalarından başlayaraq hökumətin "süni müdaxilələri" təsirsiz qalacaq. Tərəvəzdən başqa, bütün qida növlərində bahalaşma olacaq". Qəzetdə yer alan xəbərdə o da qeyd olunurdu ki, kənd təsərrüfatı naziri paytaxt Yerevanda tərəvəzin qiymətinin bahalaşmayacağını göstərmək üçün yeni bazar yerləri açmaqdadır. Lakin bunlar əhalini aldatmaqdan başqa bir şey deyildir.
Bütün bunlar Ermənistanın vəziyyətini daha da ağırlaşdırır və məhvinin astanasına çatan ölkə olduğunu üzə çıxardır.
Toğrul Əliyev
Digər Xəbərlər
2024-12-28 17:51:23
2024-12-28 17:03:00
2024-12-28 15:00:00
2024-12-28 11:29:03
2024-12-28 10:04:44
2024-12-28 09:41:23
2024-12-28 09:16:23
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40