Martın 19-da Qazax Rayon İcra Hakimiyyətinin və Qazax-Tovuz Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəliyinin birgə təşkilatçılığı ilə Novruz bayramına həsr olunmuş “Bahar, istəklimsən başdan, binadan!” adlı ümumrayon tədbiri keçirilib.
"Unikal" xəbər verir ki, bayram münasibətilə keçirilən ümumrayon tədbiri ilə əlaqədar şəhərin mərkəzində, o cümlədən tədbirin bilavasitə keçirildiyi yerdə, rayon Mədəniyyət Mərkəzinin qarşısındakı meydanda, ətraf bağ və parklarda səliqə-səhman yaradılıb, hər tərəf al-əlvan bayraqcıqlar, səmənilər və gül-çiçəklərlə bəzədilib.
Mədəniyyət Mərkəzinin qarşısındakı geniş meydanda Novruz bayramına həsr edilmiş banerlər yerləşdirilib. Bayram tonqalı çatılıb, alaçıqlar quraşdırılıb, yaraşıqlı xalça salınıb, xalçanın üzərinə rayonumuzun adət-ənənələrini əks etdirən qədim əşyalar qoyulub. Novruzun simvolu olan şəkərbura, paxlava və səmənili xonçalar göz oxşayıb.
Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, icra başçısının səlahiyyətlərini müvəqqəti icra edən Məmməd Alıyev, icra aparatının məsul əməkdaşları, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri, gənc könüllülər, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin işçiləri, şəhid ailələri, qazilər, gənclər, rayon ictimaiyyəti, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Mədəniyyət Mərkəzinin Novruz bayramı münasibətilə hazırladığı bir-birindən rəngarəng çıxışlara yer verilib. Qazax şəhər 2 saylı Uşaq Musiqi məktəbinin müəllim və şagirdlərindən ibarət “Zəfər “ ritm qrupunun çıxışı tədbirə rəng qatıb.
Tədbir əsl bayram əhval-ruhiyyəsi ilə başa çatıb.