Yunanıstan Baş Qərargah rəisi, general Dimitri Çoupis Aydın vilayəti (Türkiyə, - red) sərhədləri daxilindəki Bulamaç, Muğlanın Kalolimnoz və Keçi adalarına səfər edib.
"Unikal" xəbər verir ki, onun bu səfəri qalmaqala səbəb olub.
Belə ki, hərbi helikopterlə Bulamaç adasına gedən general Dimitri Çoupis adadakı Yunan Hərbi Bazasının qarşısında yunan əsgərləri ilə birlikdə suverenlik və bayraq nümayiş etdirib.
General Dimitri gecəni Bulamaç adasında keçirib. Daha sonra o, Yunanıstana məxsus hərbi helikopterlə Muğla Kalolimnoz və Keçi adasına gedib və Türkiyənin hava məkanını pozub.
Qeyd edilən səfər aprelin 3 və 4-də baş tutub. Digər tərəfdən, general Dimitrinin Türkiyənin ərazi suları daxilindəki adalara səfər etməsi Yunanıstan Baş Qərargahının rəsmi saytında dərc edilib.