2025-ci ilin 14-17 aprel BMT-nin Nyu-Yorkdakı Baş qərargahında Afrika əsilli şəxslərin Daimi Forumunun 4-cü sessiyası keçiriləcək.

"Unikal" xəbər verir ki, bu dəfəki sessiyada Bakı Təşəbbüs Qrupu və onunla yaxından əməkdaşlıq edən Fransa və Niderlandın müstəmləkələrində müstəqillik uğrunda mübarizə aparan siyasi hərəkatlar iştirak edir.

Qeyd edək ki, Daimi Forum quldarlığın və kolonializmin səbəb olduğu ədalətsizliyin aradan qaldırılması istiqamətində tədbirlər görən BMT-in rəsmi qurumudur.

Bakı Təşəbbüs Qrupu (BTQ) ilə Daimi Forum arasında qurulmuş səmərəli əməkdaşlıq nəticəsində Fransa və Niderlandın müstəmləkəçiliyi altında olan Qvadelup, Martinik, Kanaki (Yeni Kaledoniya), Sint Maarten, Reunyon, Bonayre, Aruba, Maohi Nui (Fransız Polineziyası), Fransız Qvianası nümayəndələri ilk dəfə BMT tribunasından təmsil etdikləri xalqların tələblərini səsləndirmək imkanı qazanıblar.

Sessiyanın açılış günündə çıxış edən BTQ-nin icraçı direktoru Abbas Abbasov, rəhbərlik etdiyi təşkilatın dekolonizasiya istiqamətində gördüyü işlər haqqında ətraflı məlumat verib və bu xüsusda müstəmləkə əsarəti altında yaşayan xalqlara verilən dəstək və yardımlardan söz açıb.

A.Abbasov Daimi Forumun dəstəyi ilə BTQ tərəfindən aprelin 15-də təşkil ediləcək “Dekolonizasiya: Sakit inqilab” konfransında Fransa və Niderlandın kolonial idarəetməsinin ağır fəsadlarının müzakirə ediləcəyini bildirib.

Sessiya çərçivəsində A. Abbasov Daimi Forumun prezidenti Martin Kimani ilə görüşüb və ona BTQ-nin sifarişi ilə hazırlanmış “Fransız kolonializminin təkamülü: Siyasi və konstitusional tədqiqat” adlı kitabını hədiyyə edib.