İranın xarici işlər naziri Abbas Əraqçi aprelin 17-də Rusiyaya rəsmi səfərə gedəcək.

"Unikal" xəbər verir ki, bu barədə İslam Respublikasının Rusiya Federasiyasındakı səfiri Kazım Cəlali sosial şəbəkədə yazıb.

O qeyd edib ki, Əraqçi Rusiyanın yüksək rütbəli rəsmiləri ilə məsləhətləşmələr aparacaq.

"İkitərəfli münasibətlərin, regional əməkdaşlığın və beynəlxalq aləmdə qarşılıqlı fəaliyyətin təşviqi - bütün bu mövzular bu səfərin iş gündəmindədir", - deyə səfir vurğulayıb.

Diplomatın sözlərinə görə, mühüm beynəlxalq hadisələr fonunda İran və Rusiya rəsmiləri arasında sıx, daimi və etibarlı təmaslar xalqların mənafeyinə, həm regionda, həm də bütövlükdə dünyada sabitliyə xidmət edəcək.

Bundan əvvəl Əraqçinin Rusiya tərəfi ilə Omanda amerikalılarla danışıqların nəticələrini müzakirə etmək üçün Moskvaya gedəcəyi bildirilirdi.