Xəbər verdiyimiz kimi, bir neçə gün əvvəl "Space TV"nin efirində meyxanaçı Rəşad Dağlının (Əmirov) ad günü qeyd edilib. Televiziya kanalında ağır cinayətə görə həbs edilən meyxanaçının ad günün qeyd edilməsi görüntüləri sosial mediada birmənalı qarşılanmayıb. Qeyd edək ki, veriliş Tarix Əliyevin aparıcılığı ilə baş tutub.
Audiovizual Şuranın Kommunikasiya Sektorunun müdiri Taleh Quliyev bildirib ki, sözügedən məsələ ilə bağlı Şuranın aidiyyatı struktur bölmələri tərəfindən araşdırma aparılıb. Açıqlamada qeyd olunur ki, araşdırmanın nəticələrinə uyğun olaraq qanunvercilik çərçivəsində “Space TV” televiziya kanalına rəsmi məktubla xəbərdarlıq edilib.
"Unikal" xəbər verir ki, buna baxmayaraq verilişin aparıcısı Tarix Əliyev sosial şəbəkədə paylaşımı ilə diqqət çəkib.
O, "Bu ad gününü etdiyim üçün çox sevinirəm. Rəşada görə veriliş də bağlansa, heç vecimə olmaz. Təki pozğunlara görə yox, şairə görə bağlansın”, - paylaşımında yazıb.
Qeyd edək ki, Rəşad Dağlı ötən il noyabrın 9-da Bakının Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qonşusu - 1979-cu il təvəllüdlü İsgəndər Mehdiyevi maşınında bıçaqla qətlə yetirməkdə təqsirləndirilib. Bakı Ağır Cinayətlər məhkəməsinə qərarı ilə Rəşad Dağlıya 9 il 6 ay həbs cəzası verilib.