Böhtan və təhqir maddələri ilə xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun ("Şərurlu İsfəndiyar") növbəti məhkəmə prosesi keçirilib.
"Unikal"ın məlumatına, görə tanınmış iş adamı İsfəndiyar Axundov Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə keçirilən prosesdə iştirak edib.
Prosesdə İsfəndiyar Axundovun anket məlumatları dəqiqləşdirilib, hüquq və vəzifələri ona izah edilib.
Xüsusi ittiham qaydasında şikayət edən Emil Səməndərovun vəkili Asim Abbasov məhkəməyə vəsatət verərək İsfəndiyar Axundovun məhkəməyə gəlmədiyi üçün prosesin uzanmasını əsas gətirərək barəsində həbs qətimkan tədbirinin seçilməsini istəyib.
İsfəndiyar Axundovun vəkili Kərimov Şahbaz isə bunu əsassız hesab edib.
“Biz ötən proseslərin birində iştirak edəcəkdik. Lakin qarşı tərəf prosesin təxirə salınmasını istədi. Bunun üçün də proses baş tutmadı. Eyni zamanda, mətbuatda da dərc olunan məlumatdan da aydındır ki, İsfəndiyar Axundovun savadı yoxdur və hüquqi prosesləri bilmir. Onun üçün də vəsatəti əsassız hesab edirik və təmin olunmamasını istəyirik”.
Vəsatəti təmin edilməyib.
Növbəti vəsatəti İsfəndiyar Axundov ölkədən çıxışına qadağa qoyulması ilə bağlı olub.
Vəkil Asim Abbasov bildirib ki, İsfəndiyar Axundov imkanlı şəxsdir və istənilən zaman ölkəni tərk edə bilər:
İsfəndiyar Axundov isə öz növbəsində vəsatətə münasibət bildirib:
“Emil Səməndərovun vətəndaşlara vurduğu ziyanı mən ödəyirəm. Zalda zərərçəkənlər var. Onlar bəzən mən işlədiyim şirkətin qarşısına gəlib şikayət edirlər. Elə bilirlər günahkar mənəm. Lakin bu belə deyil. Bəzən mən özüm deyirəm ki, məni də həbs edin. Mənim canım irəli sürülən ittihamlardan qurtarsın. Amma dövlət mənə deyir ki, sən işini gör. Vəsatətə münasibətdə bildirirəm ki, vəkillərimlə razıyam”.
Məhkəmə vəsatəti təmin etməyib.
Şikayətçi tərəfin növbəti vəsatəti İsfəndiyar Axundov barəsində müvafiq orqanlara sorğu verilməsi ilə bağlı olub.
Vəkil Asim Abbasov İsfəndiyar Axundovun əvvəllər də cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı müvafiq orqanlara sorğu göndərilməsi ilə bağlı vəsatəti də təqdim edib.
Məhkəmə vəsatəti təmin edib və DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinə sorğu göndərilməsi barədə qərar qəbul edib.
Məhkəmənin növbəti prosesi mayın 24-də keçiriləcək.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib.
***
14:57
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə məhkəmə prosesi keçiriləcək.
"Unikal" "Report"a istinadən xəbər verir ki, o, prosesdə iştirak etmək üçün Binəqədi Rayon Məhkəməsinə gəlib.
Qeyd edək ki, İsfəndiyar Axundov “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərovu dələduz adlandırıb.
Buna görə də Emil Səməndərov İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edib.
O, İsfəndiyar Axundovu qeyd olunan maddələrlə cəzalandırılmasını istəyib.