Ermənistan Hindistanla 1,5 milyard dollarlıq, Fransa ilə isə 250 milyon dollarlıq müdafiə müqavilələri imzalayıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Beynəlxalq Məsələlər Şurasının dərc etdiyi analitik hesabatda deyilir. 

Qeyd olunur ki, Ermənistan-Hindistan müqavilələri müxtəlif silahların tədarükünü nəzərdə tutur: 214 mm-lik “Pinaka” reaktiv yaylım atəşi sistemləri (MLRS), tank əleyhinə “Konkurs” raket kompleksləri, minaatanlar və müxtəlif döyüş sursatları.

İrəvan həmçinin 155 mm-lik ATAGS artilleriya qurğuları, özüyeriyən və yedəyə alınan haubitsalar, ZADS pilotsuz uçuş əleyhinə sistemlər və Akash 1S hava hücumundan müdafiə sistemləri alıb. MR-SAM raketləri və Akash-NG22 orta mənzilli hava hücumundan müdafiə sistemlərinin alınması da gözlənilir.

Fransaya gəlincə, 2023-cü ildə imzalanmış müqavilələrə əsasən, Paris artıq 24 ədəd Bastion yüngül zirehli texnikası və Safran istehsalı olan gecəgörmə cihazlarının partiyasını tədarük edib.

Bundan əlavə, Ermənistanın müdafiə silahları, o cümlədən yer-hava tipli raketləri aşkar edə bilən üç GroundMaster 200 radarı əldə etməsi ilə bağlı müqavilələr imzalanıb.

Həmin il Ermənistana “Mistral 3” zenit-raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparılıb.

2024-cü ildə Paris və İrəvan arasında yeni müqavilələr imzalanıb və bu müqavilələr çərçivəsində Ermənistan Fransanın PGM şirkətindən müxtəlif modifikasiyalı hücum tüfəngləri və “Sezar” özüyeriyən artilleriya qurğuları almağa hazırlaşır.

Ağarza Elçinoğlu