"Mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilmiş Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə səsləndirilən fikirlər, imzalanan sənədlər və qarşıya qoyulan strateji hədəflər təşkilatın gələcək inkişafında mühüm amil kimi xarakterizə edilir. Prezident İlham Əliyev Zirvə görüşündə çıxışı zamanı TDT-nin inteqrasiyasına, nəqliyyat-kommunikasiya imkanlarının genişləndirilməsinə və Türk dünyasının beynəlxalq nüfuzunun möhkəmləndirilməsinə dair ciddi mesajlar verib".
Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib.
Parlamentari bildirib ki, Azərbaycan Prezidenti türk dövlətləri arasında əməkdaşlığın genişləndirilməsi, ortaq maraqlar əsasında yeni təşəbbüslərin reallaşdırılması və beynəlxalq çağırışlara adekvat cavab verilməsi istiqamətində mühüm məqamlara toxunub:
"Prezident İlham Əliyev Azərbaycanın nəqliyyat sektorunda həyata keçirdiyi irimiqyaslı layihələri də diqqətə çatdırıb. Ölkəmiz türk dövlətləri üçün etibarlı tranzit və logistika mərkəzi rolunu oynayır. Xəzər dənizində 50-dən çox ticarət gəmisinə malik olan Azərbaycan bu imkanlardan istifadə edərək türk ölkələri arasında yükdaşımaların çevik və təhlükəsiz şəkildə həyata keçirilməsinə şərait yaradır. Prezident İlham Əliyev ötən ilin noyabr ayında Bakıda keçirilən COP29 Konfransına toxunaraq qeyd edib ki, əsas nailiyyət inkişaf etməkdə olan ölkələrə maliyyə yardımının 100 milyarddan 300 milyard ABŞ dollarına qədər artırılmasını nəzərdə tutan yeni maliyyə hədəfi barədə razılaşmadır.
Zirvə görüşünün sonunda imzalanan Bəyannamə Türk Dövlətləri Təşkilatının gələcək fəaliyyət istiqamətlərini müəyyənləşdirən mühüm sənəddir. Dövlət başçıları bəyannamədə Türk dünyasının regionda və onun hüdudlarından kənarda artan rolunu təqdir ediblər. Xüsusilə, “Türk Dünyası Xartiyası” üzv ölkələr tərəfindən ortaq mədəniyyətin, adət-ənənələrin, dilin və tarixin ifadəsi, habelə ortaq türk kimliyinin möhkəmləndirilməsi üçün vahid çərçivə kimi qəbul edilib. Bu sənədlər TDT-nin inteqrasiyasını daha da sürətləndirərək türk dövlətlərinin beynəlxalq siyasi sistemdəki mövqelərini gücləndirəcək.
Nəticə olaraq Zirvə görüşü bir tərəfdən təşkilat üzvü olan dövlətlər arasında siyasi həmrəyliyin nümayişini, digər tərəfdən isə türk dövlətlərinin regional və beynəlxalq təsir imkanlarının artdığını göstərir. Qarşılıqlı razılaşmalar türk dövlətlərinin gələcəkdə daha sıx inteqrasiyasına və ortaq dəyərlər ətrafında birliyinin möhkəmlənməsinə mühüm töhfə verəcək, Türk Dövlətləri Təşkilatı ortaq mədəniyyət, tarix, dil və dəyərlər üzərində qurulmuş strateji platforma kimi gələcəkdə daha da güclənəcək. Üzv dövlətlər arasında əməkdaşlığın bütün sahələr üzrə genişləndirilməsi qlobal arenada Türk dünyasının rolunu artıracaq. Azərbaycanın siyasi iradəsi, nəqliyyat-logistika imkanları və təşəbbüsləri isə Türk dünyasının strateji gücünün formalaşmasında həlledici amillərdən biridir".