78-ci Kann Film Festivalının bağlanış günü Fransanın cənubunda elektrik enerjisi qismən kəsilib.
"Unikal" xəbər verir ki, bu barədə "Le Monde" qəzeti yazıb.
Elektrik enerjisinin kəsilməsi nəticəsində festival təşkilatçıları “Qızıl Palma budağı” mükafatlandırma mərasiminə hazırlaşarkən Kann şəhərinin bəzi hissələri də daxil olmaqla, təxminən 160 min ev işıqsız qalıb.
Fransanın milli enerji operatoru RTE bildirib ki, kəsintiyə iki böyük insident səbəb olub: Təxminən saat 02:45 radələrində Tannerondakı yüksək gərginlikli yarımstansiyada yanğın baş verib, bir neçə saat sonra isə Saint-Cassien gölü ərazisində elektrik xəttinə dəstək qülləsi çöküb.
RTE yanğının qəsdən edilən hərəkətlərin nəticəsi ola biləcəyini istisna etmir. Hüquq-mühafizə orqanları hadisənin qəsdən olub-olmaması ilə bağlı hələlik rəsmi qiymət verməsə də, hadisənin Avropanın ən böyük mədəni tədbirlərindən biri olan festivalın sonuncu günü səhər saatlarında baş verməsi mümkün təxribat versiyasına diqqəti artırıb.
Qəza nəticəsində təkcə yaşayış məntəqələri deyil, həm də bir sıra mühüm infrastruktur obyektləri, o cümlədən dəmir yolu vağzalı, işıqforlar, həmçinin mobil və internet rabitəsi xidmətləri də elektrik enerjisindən məhrum olub.
Məlumata görə, festivalın bir sıra səhər nümayişləri ləğv edilməli olub. Bununla belə, təşkilatçılar təmin edilmiş avtonom generatorlar sayəsində rəsmi bağlanış mərasiminin baş tutacağına əmin ediblər.
Ağarza Elçinoğlu